Bu kontekstdə Prezidentin 2020-ci ilin bu günü – oktyabrın 10-da Rusiyanın RBK kanalına müsahibəsi xüsusi diqqət çəkir.
Çağdaş.Az Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dünya mediasına verdiyi müsahibələrdən maraqlı sitatları xatırlatmağa davam edir.
Həmin müsahibədə jurnalistin “Sentyabrın 27-də gecə və ya səhər çağı cavab verilməsi, bu müharibəyə başlamaq lazım olması barədə qərar necə qəbul edildi?” sualına Azərbaycan Prezidenti belə cavab vermişdi:
– Qərarlar, praktiki olaraq, avtomatik rejimdə qəbul edilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün müəyyən təlimatlar var. Düşünürəm ki, bunlar hər orduda var. Təhlükə halında, hücum halında sən necə hərəkət etməlisən. Yəni burada necə hərəkət etmək barədə tərəddüd etmirdik. Xüsusən ona görə ki, biz bu hücumu gözləyirdik. Eskalasiyadan bir neçə gün əvvəl mən bu barədə BMT-nin kürsüsündən danışmışdım. Mənim çıxışımın mətninə baxa bilərsiniz. O vaxt mən demişdim ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistanı dayandırmaq lazımdır. Bunun üçün dəlillər çox idi. Əvvələn, Ermənistanın müdafiə nazirinin keçən il Amerikada verdiyi bəyanat. Özü də o, bəyan etmişdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Sonra Paşinyanın “Qarabağ Ermənistandır” məzmunlu bəyanatları və sair. Daha sonra Livandan olan ermənilərin nümayişkaranə şəkildə Şuşada məskunlaşdırılmasından ibarət təhrikçi hərəkətlər müharibə cinayətidir. Daha sonra Şuşada, yeri gəlmişkən, işğalçı rejimin orada mövcud olduğu müddətdə ilk dəfə qondarma “andiçmə” mərasimi keçirməklə Azərbaycan xalqının təhqir edilməsi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Xankəndidən Şuşaya köçürmək cəhdi və bir sıra başqa əməllər. Bütün bunlar bizə qarşı təxribat idi. Sonra iyul hadisələri. Bizim hərbi mövqelərimizə təxribatçı hücumlar. Elə ilk saatlarda biz dörd hərbi qulluqçumuzu, sonra bir mülki vətəndaşımızı itirdik. Sonra avqust hadisəsi. Goranboy rayonunda təmas xəttindən keçmiş təxribat qrupunun başçısı indi ifadə verir. Biz gözləyirdik, biz hazır idik. Təbii ki, qərar, o cümlədən mənim tərəfimdən avtomatik rejimdə, heç bir tərəddüdsüz qəbul edildi. Biz təcavüzkarı yerində oturtmalı idik. İyul ayında Azərbaycan cəmiyyəti bunun davam etdirilməsini tələb edirdi. Yəqin ki, siz bunu bilirsiniz./Globalinfo.az/


