Azərbaycanda uzun müddətdir, əmlak amnistiyasının verilməsi ilə bağlı müzakirələr aparılır. Mütəxəssislər bu qərarın tez zamanda verilməsinin zəruri olduğunu qeyd edirlər.
Bəs sənədsiz evlərə əmlak amnistiyası veriləcək?
Cagdas.az xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı qiymətləndirmələr davam edir.
V.Bayramov qeyd edib ki, hökumət tərəfindən bu istiqamətdə konsepsiyanın işlənməsi ilə bağlı da intensiv şəkildə fəaliyyətlər həyata keçirilir: “İlkin rəsmi məlumatlara görə, konsepsiyanın qəbul edilməsi 100 mindən artıq qeydiyyatsız evin daha qısa zaman ərzində çıxarışla (kupça) təmin olunmasına imkan verəcək. Biz də təbii ki bu sahədə prosesin sürətlənməsini təklif edirik. Çünki nəticədə bu bir tərəfdən uzun müddət müzakirə edilən qeydiyyatsız evlərin sənədləşdirilməsini, digər tərəfdən həmin evlərin mülkiyyət hüquqlarının tanınmasına şərait yarada bilər. Eyni zamanda həmin əmlakların bütövlükdə iqtisadi dövriyyəyə cəlb edilməsinə, əmlak sahiblərinin öz əmlakından istifadə etmələri, kredit götürmək və digər fəaliyyətləri həyata keçirməsinə imkan yarada bilər. Həm də nəticə etibarilə dövlət büdcəsinə daxil olmalara müsbət təsir göstərə bilər, çünki nəticədə əmlakın qeydiyyata alınması, həmin əmlakdan büdcəyə daha çox daxilolmalar deməkdir”.(Referans Media)
















