Sevgi və qayğının insan sağlamlığına təsiri uzun illərdir araşdırılır. Xüsusilə stress və emosional vəziyyətin ürək-damar xəstəlikləri ilə əlaqəsi həkimlərin diqqət mərkəzindədir. Mütəxəssislər bildirirlər ki, insanın psixoloji vəziyyəti ürəyin fəaliyyətinə birbaşa təsir göstərə bilər.
Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı Modern.az-a açıqlama verən Referans Mərdəkan Hospitalının kardioloqu Samir Əsgərov bildirib ki, sevgisizlik və davamlı stress ürək-damar xəstəlikləri riskini artıran əsas faktorlardan biridir:
“İnsan orqanizmi nə qədər çox stress altında olursa, ürək-damar xəstəlikləri və infarkt riski də bir o qədər yüksəlir. Bunun əsas səbəbi stress zamanı ifraz olunan kortizol hormonudur. Kortizol damarları daraldır, qan laxtalanmasını artırır və nəticədə ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərir”.
Həkimin sözlərinə görə, xoşbəxt münasibətlər və emosional bağlılıq isə əksinə, ürək sağlamlığını qoruyur:
“Araşdırmalar göstərir ki, sevgi və qayğı insan orqanizmində oksitosin hormonunun səviyyəsini artırır. Oksitosin stress hormonunu azaldır, ürək-damar sistemini qoruyur və hətta damar divarlarında yığılan yağ və xolesterinin azalmasına təsir edir”.

Samir Əsgərov qeyd edib ki, insanların bir-birinə göstərdiyi gündəlik qayğı da sağlamlıq üçün mühüm rol oynayır:
“Sadə diqqət və qayğı insanın özünü daha xoşbəxt hiss etməsinə səbəb olur. Bu isə yuxunun yaxşılaşmasına, stressin azalmasına və ürək fəaliyyətinin daha stabil olmasına kömək edir”.
Kardioloq bildirib ki, aparılan beynəlxalq tədqiqatlarda ailəli və xoşbəxt insanların ürək-damar xəstəliklərinə daha az məruz qaldığı müəyyən olunub:
“Evli və xoşbəxt insanların ürək-damar xəstəlikləri ilə qarşılaşma ehtimalı daha aşağıdır. Sosial dəstək və emosional rahatlıq burada mühüm rol oynayır”.
O əlavə edib ki, sevgi yalnız romantik münasibətlərlə məhdudlaşmır:
“İnsanın yaxınlarından gördüyü diqqət, qayğı, dostluq münasibətləri və hətta ev heyvanlarına bağlılıq da insanı xoşbəxt edən amillərdəndir”.
Samir Əsgərov sonda vurğulayıb ki, sevgi təkcə emosional hiss deyil, həm də insan orqanizminə təsir edən biokimyəvi prosesdir.















