Azərbaycanda işləyən pensiyaçıların təqaüdlərinin yenidən hesablanması ilə bağlı təklif müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edir ki, dəyişiklik qəbul olunarsa, bəzi sahələrdə çalışan pensiyaçıların gəlirlərində daha ciddi artım müşahidə ediləcək.
Bəs pensiyalarda ən çox artım hansı sahələrdə çalışan və yüksək rəsmi maaş alan şəxslərə təsir edəcək?
Cagdas.az xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, yenidən hesablanma zamanı əsas rol sosial sığorta ödənişlərinin həcminə məxsus olacaq:
“Əgər işləyən pensiyaçıların pensiya kapitalının yenidən hesablanması ilə bağlı təklif qəbul olunarsa, artım əsasən yüksək rəsmi maaş alan şəxslərə təsir edəcək. Xüsusilə neft-qaz sektoru, bank-maliyyə sahəsi, dövlət idarəçiliyi, iri şirkətlərdə rəhbər vəzifələr, informasiya texnologiyaları, aviasiya və bəzi səhiyyə sahələrində çalışan pensiyaçıların artımdan daha çox faydalanacağı gözlənilir. Çünki bu sahələrdə əməkhaqları və sosial sığorta ödənişləri daha yüksək olur, nəticədə pensiya kapitalı da artır”.
İqtisadçının sözlərinə görə, aşağı əməkhaqqı alan və ya qeyri-rəsmi əmək münasibətlərində fəaliyyət göstərən pensiyaçılar üçün artım daha məhdud xarakter daşıyacaq.
“Sistemdə əsas meyar ödənilən sosial sığorta haqqıdır və bu göstərici nə qədər yüksəkdirsə, pensiya artımı da bir o qədər çox olacaq.
Belə bir dəyişiklik işləyən pensiyaçıların rəsmi əmək münasibətlərinə marağını da artıra bilər”.
















