Bu gün Qazaxıstanaın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin qeyri-rəsmi zirvə toplantısı olacaq.
Cagdas.az xəbər verir ki, Zirvə görüşünə Qazaxıstan sədrlik edəcək.
Türk dünyası liderlərinin toplantısının əsas müzakirə mövzusu “Süni intellekt və rəqəmsal inkişaf”dır.
Zirvədə təşkilatın müşahidəçi ölkələrinin dövlət və hökumət başçıları da iştirak edəcək. Onlar sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet sahələrini müzakirə etməyi planlaşdırırlar.
Zirvə görüşü ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib ki, dünyadakı mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir: “Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilinə birinci dərəcəli diqqət yetirməlidir”.
“Süni intellekt və rəqəmsal inkişaf” kimi mövzunun seçilməsi göstərir ki, türk dünyası artıq ənənəvi əməkdaşlıq çərçivəsindən çıxaraq qlobal texnoloji yarışda yer tutmaq niyyətindədir. Müasir dünyada güc anlayışı sürətlə dəyişir. Enerji resursları və coğrafi üstünlüklər hələ də önəmlidir, lakin əsas rəqabət artıq məlumat, texnologiya və innovasiya üzərində qurulur. Bu mənada zirvənin gündəliyi vaxtında atılmış addım kimi qiymətləndirilə bilər.
Türk dövlətləri arasında rəqəmsal əməkdaşlıq böyük potensiala malikdir. Ortaq texnoloji platformaların yaradılması, süni intellekt sahəsində birgə layihələrin həyata keçirilməsi və rəqəmsal idarəetmənin inkişafı həm iqtisadi artımı sürətləndirə, həm də regionun qlobal rolunu gücləndirə bilər. Xüsusilə Orta Dəhliz kimi strateji layihələrin effektivliyi məhz rəqəmsal inteqrasiyadan asılıdır.(ölkə.az)
















