“Maraqlar toqquşması haqqında” qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın, məsuliyyətin və peşəkarlığın artırılması baxımından əhəmiyyətlidir.
Cagdas.az xəbər verir ki, bu barədə parlamentin iclasında çıxışı zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Komitə sədri deyib ki, qanun layihəsi vəzifə səlahiyyətləri ilə şəxsi maraqlar arasında hüquqi sərhədlərin müəyyənləşdirilməsinə xidmət edir:
“İndiyədək korrupsiyaya qarşı mübarizə və etik davranış kodeksində mövcud olan müddəalar sistemli şəkildə və vahid bir qanun layihəsində əksini tapır. Maraqlar toqquşması hüquqi mahiyyətinə görə korrupsiya əməlləri ilə eyni məna daşımır. Vəzifəli şəxsin əmlakı və qanuni iqtisadi maraqları ola bilər. Lakin özəl mənafelər dövlət qərarlarına təsir etməməlidir”.
Zahid Orucun sözlərinə görə, yeni qanunun əsas üstünlüklərindən biri hüquq pozuntusu baş verməmişdən əvvəl onun yaranmasına şərait yaradan amillərin aradan qaldırılmasıdır.
“Yeni qanunun üstünlüyü odur ki, hüquq pozuntusunun baş verməsini gözləmədən, onu doğura biləcək şəraiti əvvəlcədən aradan qaldırmağa imkan verir. Konstitusiyanın 55-ci maddəsinə görə dövlət idarəçiliyində iştirak etmək hüququ vətəndaşa verilmiş siyasi imkandır. Yəni dövlət vəzifəsi xalqa xidmət üçündür”, – deyə komitə sədri qeyd edib.

O, beynəlxalq təcrübəyə də diqqət çəkərək Almaniya və Fransada maraqlar toqquşmasının qarşısının alınması istiqamətində tətbiq edilən mexanizmlərdən danışıb. Bununla belə, qanunvericilik və institusional mexanizmlərin mövcudluğunun problemin tam aradan qaldırılması demək olmadığını vurğulayıb.
Komitə sədri maraqlar toqquşmasının xüsusilə dövlət satınalmalarında ciddi iqtisadi fəsadlar yarada biləcəyini bildirib. Onun sözlərinə görə, qərar qəbul edən şəxsin tender iştirakçısı ilə gizli iqtisadi əlaqələrinin olması həm büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə, həm də azad rəqabətin pozulmasına səbəb olur.
“Dövlət büdcəsindən maliyyələşən təchizat və xidmət layihələrində qərar qəbul edən şəxsin tender iştirakçısı ilə gizli iqtisadi əlaqəsi varsa, büdcə vəsaitinə zərərlə yanaşı, daha münasib qiymət və yüksək keyfiyyət təklif edən sahibkar da dövlət sifarişindən kənarda qala bilər. Beləliklə, maraqlar toqquşması həm də azad rəqabətə, milli sahibkarlığa və investisiya mühitinə zərbə vurur”, – deyə Zahid Oruc bildirib.
O, torpaq münasibətləri, özəlləşdirmə, güzəştli kreditlər və subsidiyaların da maraqlar toqquşması baxımından yüksək riskli sahələr olduğunu diqqətə çatdırıb.
Komitə sədri konkret nümunə üzərindən məsələni izah edib:
“Təsəvvür edək ki, yeni magistral yolun harada çəkiləcəyini əvvəlcədən bilən vəzifəli şəxs həmin ərazidə yaxınlarının adına torpaq alır, dövlət investisiyasından sonra torpağın qiyməti dəfələrlə artır. Layihədə xidməti məlumatlardan şəxsi məqsədlərlə istifadəni məhdudlaşdıran 15-ci maddə məhz gözlənilən təhlükənin qarşısını almağa yönəlib. Maraqlar toqquşması yalnız iqtisadi münasibətlərlə məhdudlaşmır, dövlət qulluğuna qəbul, vəzifədə irəli çəkilmə, eləcə də universitetlərdə elmi qrantların bölüşdürülməsi zamanı da belə risklər yarana bilər. Qanun layihəsində real, potensial və təəssürat yaradan maraqlar toqquşması fərqləndirilir. Hətta qanunsuz qərar qəbul edilmədiyi halda belə, vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhənin yaranması qabaqlayıcı tədbirlərin görülməsini zəruri edə bilər”.
Komitə sədri beynəlxalq təcrübədə “fırlanan qapı” adlandırılan fenomenə də diqqət çəkib:
“Layihədə vəzifədən ayrıldıqdan sonra iki il müddətində əvvəl işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmağa məhdudiyyət nəzərdə tutulur. Qanunun effektiv tətbiqi üçün bir sıra məsələlərin həlli vacibdir. Xüsusilə maliyyə məlumatlarının bəyan edilməsi mexanizminin işlək vəziyyətə gətirilməsi, əmlak və şəxsi maraqlar haqqında məlumatların qarşılıqlı yoxlanılması, dövlət satınalmaları, torpaq münasibətləri və lisenziyalaşdırma üzrə risk xəritələrinin hazırlanmasını təklif edirəm.Həmçinin qanunun icrası ilə bağlı illik ictimai hesabatların təqdim edilməsi, qanun pozuntuları barədə məlumat verən şəxslərin qorunması və altı aylıq keçid dövründə müvafiq qanunvericilik aktlarının uyğunlaşdırılması əhəmiyyətlidir”.
Çıxışının sonunda Zahid Oruc bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra idarəçilik sistemində ədalətin və qanunun aliliyinin daha güclü təmin olunması əsas vəzifələrdəndir.
“Dürüst dövlət qulluqçusunun hüquqlarını, sosial təminatını və peşəkar yüksəliş imkanlarını qorumalıyıq. Dövlət vəzifəsinin ən böyük imtiyazı xalqın etimadıdır. Heç bir şəxsi maraq millətimizin etimadından üstün ola bilməz”, – deyə Zahid Oruc fikirlərini yekunlaşdırıb.


