Sadə düstur vasitəsilə hər kəs yaşına və illik qazancına əsasən ideal sərvət səviyyəsini müəyyən edə bilər.
Cagdas.az milliaz-a istinadən xəbər verir ki, bunun üçün illik qazanc yaşa vurulur və nəticə 10-a bölünür. Alınan rəqəm şəxsin hazırkı sərvəti ilə müqayisə edilir.
Sərvət anlayışına isə daşınmaz əmlak, avtomobil, bankdakı vəsaitlər daxil edilir, lakin bu məbləğdən mövcud kredit və borclar çıxılır.
Nəticəyə əsasən üç fərqli vəziyyət ortaya çıxır. Əgər mövcud sərvət hesablanan rəqəmdən yüksəkdirsə, bu, maliyyə baxımından müsbət göstərici sayılır və şəxsin yığım qabiliyyətinin yaxşı olduğunu göstərir. Əgər rəqəmlər bərabərdirsə, bu, orta, yəni stabil vəziyyət kimi qiymətləndirilir. Lakin sərvət hesablanan göstəricidən aşağıdırsa, bu, gəlirin əsasən xərclərə yönəldiyini və yığımın zəif olduğunu göstərir.
Məsələn, 40 yaşı olan və illik 20 min gəlir əldə edən bir şəxs üçün bu düstura əsasən ideal sərvət 80 min təşkil edir. Əgər həmin şəxsin 20 min dəyərində avtomobili və 60 min bank yığımı varsa, ümumi sərvəti 80 min olur ki, bu da normal səviyyə kimi qiymətləndirilir.
















