Novella Cəfəroğlu: “Mənim tanıdığım yəhudilər arasında…”
Uzunmüddətli müharibə, siyasi rəhbərliyə inamın azalması və hərbi yükün cəmiyyət arasında qeyri-bərabər bölüşdürülməsi ölkədən gedən israillilərin sayını artırıb. “Financial Times” İsraildə 2023-cü ildən etibarən güclənən mühacirət dalğasını “İsraildən yeni köç” kimi xarakterizə edib. Nəşrin məlumatına görə, son üç il ərzində 150 mindən çox israilli ölkəni tərk edib. Bu proses İsrail üçün qeyri-adi demoqrafik tendensiyaya çevrilib və ölkədə ardıcıl olaraq mənfi xalis miqrasiya göstəricilərinin yaranmasına səbəb olub.
Məlumata görə, ölkədən köçənlərin sayı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra xüsusilə kəskin artıb. Həmin ilin yalnız oktyabr ayında təxminən 14 min israillinin ölkəni tərk etdiyi bildirilir. Sonrakı dövrdə isə Qəzza zolağında başlayan müharibənin İran, Hizbullah və Yəməndəki husilərlə qarşıdurmanı da əhatə edən uzunmüddətli regional münaqişəyə çevrilməsi bu tendensiyanı daha da gücləndirib.
“Financial Times” yazır ki, köçün səbəbləri yalnız təhlükəsizlik vəziyyəti ilə məhdudlaşmır. Siyasi qütbləşmə, yaşayış xərclərinin yüksək olması, hökumətin siyasətindən narazılıq və ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik də mühüm amillər sırasında yer alır. Xüsusilə dünyəvi, liberal düşüncəli və yüksək ixtisaslı israillilər arasında xaricdə yaşamaq qərarına marağın artdığı vurğulanır.

Cagdas.az xəbər veriri ki Hüquq müdafiəçisi (mərhum həyat yoldaşı milliyyətcə yəhudi idi) Novella Cəfəroğlu Musavat.com-a açıqlamasında yəhudilərin dövlətlərini istənilən halda sevmələrindən danışdı: “ Ola bilər ki, müəyyən bir qismi ölkədən köçür. Pulu olan insanlar başqa dövlətlərdə, məsələn, Bolqarıstanda, Amerikada və digər ölkələrdə ev alırlar, orada yaşayırlar. Amma mənim tanıdığım yəhudilər arasında diqqətimi çəkən bir məqam var. O da ondan ibarətdir ki, harada yaşamalarından asılı olmayaraq, onlar öz dövlətləri ilə əlaqələrini və ona bağlılıqlarını qoruyurlar. Heç kənardan eşitmisinizmi ki, bir yəhudi öz dövlətini tamamilə inkar etsin, ona qarşı mövqe tutsun? Əlbəttə, İsrail daxilində dövlət siyasətini, hakimiyyəti sərt şəkildə tənqid edən insanlar var. Onlar öz ölkələrində müxtəlif məsələlərə görə etiraz edir, hökuməti və dövlət qurumlarını tənqid edirlər. Lakin söhbət dövlətin təhlükəsizliyindən və xaricdən gələn təhdiddən gedəndə, mənim müşahidəmə görə, cəmiyyətin böyük bir hissəsi ölkəsinin yanında dayanır. Bunu mən öz yaxınlarımdan və tanıdığım insanlardan da görmüşəm. Maddi imkanları yüksək olan insanlar da, sadə vətəndaşlar da, jurnalistlər də, müxtəlif peşə sahibləri də ölkələrinin təhlükəsizliyi məsələsində mövqelərini ortaya qoyurlar. Hətta hərbi çağırış zamanı bir çox insanın yenidən hərbi formanı geyinərək ordu sıralarına qoşulması və ölkəsini müdafiə etməyə getməsi də bu bağlılığın göstəricisi kimi görünür. Əlbəttə, bu, bütün yəhudilərin eyni düşündüyü və ya heç kimin İsrail siyasətini tənqid etmədiyi anlamına gəlmir. Əksinə, İsrail cəmiyyətində ciddi siyasi və ictimai fikir müxtəlifliyi mövcuddur. Ancaq mənim vurğulamaq istədiyim məqam başqadır. Ölkənin təhlükəsizliyi və mövcudluğu məsələsi gündəmə gələndə, bir çox insan şəxsi siyasi fikir və mövqeyindən asılı olmayaraq dövlətin müdafiəsini ön plana çəkir. Əslində, bu gün dünyada elə bir ölkə tapmaq çətindir ki, orada miqrasiya, xaricə köç və başqa ölkələrdə məskunlaşma problemi olmasın. Pulu və imkanları olan insanlar müxtəlif ölkələrdə ev alır, biznes qurur, yaşayış yerini dəyişirlər. Bu, artıq qlobal dünyanın reallığıdır. Amma burada fərqli görünən məsələ odur ki, insanın harada yaşamasından asılı olmayaraq, öz ölkəsi ilə mənəvi və milli bağlarını qorumasıdır. Xüsusilə yüksək təhsilli, peşəkar və imkanlı insanların belə dövlətin təhlükəsizliyi məsələsində ölkələrinə dəstək verməsi diqqət çəkir. Bu gün dünyanın müxtəlif ölkələrində insanlar xaricə köçür, başqa ölkələrdə yaşayır, sərvətlərini və bizneslərini müxtəlif dövlətlərə daşıyırlar. Lakin əsas məsələ insanın harada yaşaması deyil, çətin anda öz dövlətinə və cəmiyyətinə münasibətidir”.

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, Həmasla açıq müharibə başlayandan sonra təhlükəsizlik məqsədilə İsrail vətəndaşlarının ilk öncə Qəzzaya yaxın ərazilərdən köçməsini, yaxud köçürülməsini görmüşdük: “Həmin vaxt köçürülən insanların bir hissəsi ölkənin nisbətən təhlükəsiz ərazilərinə yerləşdirilmişdisə, digər hissəsi İsraili tərk etmişdi. Həmin zaman bu say az olduğu üçün ona ciddi diqqət yetirilmirdi. Mart ayının sonlarında ABŞ və İsrailin İranla müharibəyə başlaması və bu müharibənin uzanması İsrail vətəndaşları arasında narahatlıq və hətta qorxu yaratdı. Ölkənin hər an İran tərəfindən raket hücumuna məruz qalma təhlükəsi ilk öncə bir çox imkanlı insanların tamam başqa səbəblərlə ölkədən çıxmasına gətirib çıxarıb. Nəzərə alsaq ki, İsrail vətəndaşlarının bir çoxu həm də başqa ölkələrin vətəndaşlığını daşıyır, o zaman həmin insanların ölkəni tərk etməsi təəcüüblü deyil. Onsuz da həmin insanlar ilin müəyyən günlərini vətəndaşlığı olan başqa ölkələrdə keçirirdilər. Bütün bunlar hamıya bəlli idi. Amma məsələnin təhlükəli tərəfi ondadır ki, rəsmi Təl-Əviv bu tendensiyanın sürətlənəcəyindən narahat olmağa başlayıb. İlk öncə ölkədən imkanlı adamların getməsi biznesin ölkədən getməsidir ki, bu da iqtisadiyyatda tezliklə özünü göstərə bilər. Digər tərəfdən bu gedişlər əhalinin maddi cəhətdən orta və hətta aşağı təbəqəli hissəsini bu fikirə gəlməyə vadar edib. On illərlə dünyanın dörd tərəfindən yəhudiləri İsrailə toplayan, hərbi və iqtisadi cəhətdən regionun güclü dövləti planını ortaya qoyan bir dövlət üçün bu gedişat gələcəkdə ciddi problemlər yarada bilər. Gedənlərin qarşısını inzibati yolla ala bilmirlər. Ona görə ki, heç kim ölkədə ola biləcək təhlükələrdən sığortalanmaq üçün getdiyini demir. Dediyim kimi çoxunun digər ölkə vətandaşlığı da var və hər zaman həmin ölkələrə gedib qayıdıblar. Amma hazırda qayıdışın tezliklə olacağı suallar altında qalır. O səbəbdən İsrail hökuməti vətəndaşlarını xüsusilə biznes sahəsində olan imkanlı insanları rahatlamaq üçün tədbirlər görməyi planlaşdırır. Əsas məqsəd onlara İsraildə canlarının və işlərinin təhlükəsizliyinə inandırmaqdır. İranla bağlı problemi tezliklə və kökündən həll etməkdə israrçı olması səbəblərindən biri də məhz budur. İnsan axınını ilk etapda dayandıra bilməsə, sonradan güclənəcək axının qarşısını ala bilməyəcək. Ölkənin boşalaması isə dövlətçiliyə ən böyük təhdid və təhlükədir”\musavat.com\

















