Son dəqiqə
Reklam
Reklam

YENİ İLDƏN PENSİYALAR NECƏ HESABLANACAQ? – İqtisadçılar diferensial mexanizmi açıqladılar

Cəmiyyət

Məlum olduğu kimi, 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşməsi qaydası dəyişir. Bu dəyişiklik, gözlənildiyi kimi, müzakirələrə səbəb olub.

Cagdas.az  xəbər verir ki, iqtisadçı Natiq Cəfərli yeni qaydalarla bağlı sosial şəbəkə səhifəsində izahlı şərh verib.

O hesab edir ki, təqaüdlərin hesablama və artım qaydaları tez-tez dəyişsə də, təqaüdlərlə bağlı əsas problem həll edilməmiş qalır. Bu problem isə onların aşağı olmasıdır: “Yeni qaydalara görə pensiyaların indeksləşdirilməsi diferensial (fərqli) qaydada aparılacaq və 0,2 ilə 0,5 əmsallar tədbiq ediləcək. Bu dəyişiklik ölkə üzrə orta aylıq əməkhaqqından (təxminən 1170 AZN) yüksək pensiya alan şəxslərə şamil ediləcək.

Sadə misalla izah: tutaq ki, rəsmi indeksləşmə faizi 10% müəyyən edilib:

1000 manat pensiya alan şəxs: Məbləğ 1170 manatdan azdır. Pensiya tam 10% artaraq 1100 manat olacaq.

2000 manat pensiya alan şəxs: İlk 1170 manatlıq hissə tam 10% artır. Yerdə qalan 830 manatlıq hissə isə 0,5 əmsalı ilə (yəni 5%) artır”.

N. Cəfərli qeyd edib ki, ölkədə 90% təqaüdçü 1170 manatdan az təqaüd alır deyə, onlara heç bir təsiri yoxdur, onların pensiyası orta aylıq əmək haqqının artım tempinə görə (təqribən 10%) indeksləşdiriləcək.

 

 

İqtisadçı pensiya ilə bağlı mövcud mənzərəni də qeyd edib:

“Yaşa görə pensiya alanlar: Pensiyaçıların 64,8%-i (təxminən 712 800 nəfər);

Əlilliyə görə pensiya alanlar: Pensiyaçıların 22,8%-i (təxminən 250 800 nəfər);

Ailə başçısını itirməyə görə pensiya alanlar: Pensiyaçıların 12,4%-i (təxminən 136 400 nəfər).

Ölkə üzrə orta təqaüd məbləği 594 manatdır, bu rəqəmi yuxarı çəkən isə həmin 10% yüksək, və çox yüksək təqaüd alanlardır. Məmləkət üzrə faktiki median pensiya həddinin (yəni bütün təqaüdçülərin tam yarısının aldığı məbləğin) 420–460 manat aralığında olduğunu, dolayı rəqəmlərlə təxmin etmək olar”.

N. Cəfərli ölkədə tez-tez qaldırılan təqaüd yaşı məsələsinin ikinci dərəcəli problem olduğunu bildirib. Əsas problemim təqaüdlərin aşağı olması ilə bağlı  olduğunu qeyd edib və ilk növbədə bu məsələnin həllini tapmasının vacibliyini vurğulayıb.

 

 İqtisadçı-ekspert Eldəniz Əmirov da sosial şəbəkə hesabında diferensial indeksasiyanın iqtisadi və sosial məntiqini sadə hesablamalarla izah edib.

İqtisadçı bildirir ki, indiyədək tətbiq olunan vahid indeksasiya faizi aşağı və yüksək pensiya alanlar arasında nominal fərqin ilbəil sürətlə genişlənməsinə səbəb olurdu: “Sadə bir misala baxaq: 500 manat pensiya alan şəxsin pensiyası 10 faiz artırıldıqda artım 50 manat olur və pensiya 550 manata çatır. 2 000 manat pensiya alan şəxsdə isə 10 faizlik artım 200 manat təşkil edir və pensiya 2 200 manata yüksəlir. İndeksasiyadan əvvəl bu iki pensiya arasında 1 500 manat fərq var idisə, eyni faizlə artımdan sonra fərq 1 650 manata çatır. Yəni çox alanın nominal artımı daha çox olur”.

Eldəniz Əmirov vurğulayır ki, aşağı pensiya alan şəxsin gündəlik xərclərində ərzaq, dərman və kommunal ödənişlərin payı daha yüksək olduğu üçün bu fərqin sürətlə böyüməsi sosial ədalətsizlik yaradırdı.

Diferensial mexanizm necə işləyəcək?

Ekspert təklif edilən yeni modelin mahiyyətini aşağıdakı hesablama ilə diqqətə çatdırıb: “Tutaq ki, ölkə üzrə orta aylıq əməkhaqqı 1 200 manat, indeksasiya faizi isə 10%-dir. Yeni modeldə 2 000 manat pensiya alan şəxsin 1 200 manatlıq hissəsi tam 10% artaraq 1 320 manat olur. Qalan 800 manatlıq hissəyə isə 0,5 əmsalı tətbiq olunarsa, həmin hissə 5% artaraq 840 manat təşkil edir. Nəticədə 2 000 manatlıq pensiya 2 200 manata yox, 2 160 manata qalxır. Beləliklə, iki pensiya arasındakı fərq əvvəlki kimi 150 manat deyil, 110 manat artır. Məntiq də budur: aşağı pensiyanın artım sürətini qorumaq və yüksək pensiyalarla aradakı fərqin daha sürətlə genişlənməsini zəiflətmək”.

Eldəniz Əmirovun sözlərinə görə, bu yanaşma pensiya sisteminin maliyyə yükünü müəyyən qədər azalda və yaranan əlavə resurslar gələcəkdə az pensiya alanların daha yüksək səviyyədə indeksasiyasına yönəldilə bilər. Lakin ekspert məsələnin digər tərəfinə də diqqət çəkir: “Yüksək pensiya alan şəxs əmək fəaliyyəti dövründə daha çox sosial sığorta haqqı ödəyibsə, onun qazandığı pensiya hüququ da qorunmalıdır. Ona görə ən düzgün yanaşma aşağı pensiya alanları daha çox qorumaqla yanaşı, sosial sığorta prinsipini də pozmayan balanslı mexanizmin qurulmasıdır”.\referans media\