Avqustun 12-də Ayın kölgəsi Arktikadan başlayaraq Qrenlandiya, İslandiya və İspaniya üzərindən keçəcək. Tutulma zamanı Günəş maksimum 2 dəqiqə 18 saniyə müddətində tamamilə görünməz olacaq.
Cagdas.az xəbər verir ki, bu, Avropa materikində 1999-cu ildən sonra müşahidə ediləcək ilk tam Günəş tutulmasıdır. Təxminən 15 milyon insan, əsasən İspaniyada yaşayanlar, tam tutulmanın müşahidə ediləcəyi zolaqda olacaq.
Qismən Günəş tutulması isə Qərbi Avropanın böyük hissəsində, Şimal-Qərbi Afrikanın bəzi ərazilərində və ABŞ-ın kiçik bir hissəsində müşahidə ediləcək. Ümumilikdə, dünyada təxminən 980 milyon insan Günəşin ən azı qismən Ay tərəfindən örtülməsini görə biləcək.
Günəş tutulması necə baş verir?
Günəş tutulması Ayın Yer ilə Günəş arasına keçərək Günəş işığının qarşısını alması zamanı baş verir. Günəş tutulmaları dörd növə bölünür: qismən, tam, həlqəvi və hibrid. Qismən tutulma zamanı Ay Günəşin yalnız bir hissəsini örtür. Tam tutulma zamanı Ay Günəşi tamamilə örtür, gündüz qısa müddətə qaranlığa çevrilir və Günəşin xarici atmosferi – tacı görünür. Həlqəvi tutulma zamanı Ay Yerdən daha uzaqda olduğu üçün Günəşi tam örtə bilmir və onun ətrafında parlaq halqa yaranır. Hibrid tutulma isə daha nadir hadisədir və tutulmanın trayektoriyası boyunca tam və həlqəvi tutulma arasında dəyişə bilər.
Günəş Ayın diametrindən təxminən 400 dəfə böyükdür və Yerdən təxminən 400 dəfə uzaqda yerləşir. Buna görə də hər iki göy cismi Yerdən baxdıqda təxminən eyni ölçüdə görünür. Məhz bu xüsusiyyət tam Günəş tutulmasının baş verməsinə imkan yaradır.
Tam tutulmanı hansı ölkələrdə görmək mümkün olacaq?
Avqustun 12-də təxminən 15 milyon insan İspaniya, İslandiya, Qrenlandiyanın bəzi hissələri, Rusiya və Portuqaliyada tam tutulmanı müşahidə edə biləcək. İspaniyanın şimal və şərq bölgələri tutulmanı izləmək üçün ən əlverişli ərazilər olacaq. Leon, Valyadolid, Saraqosa, Teruel və Valensiya şəhərləri tam tutulma zolağında yerləşir. Tam tutulma İspaniyanın qərbində təxminən Bakı vaxtı ilə saat 22:27-də başlayacaq və yerləşmə nöqtəsindən asılı olaraq 110 saniyəyə qədər davam edəcək.
Madrid və Barselona şəhərləri tam tutulma zolağından kənarda qalacaq. Buna baxmayaraq, həmin şəhərlərdə Günəşin 99 faizdən çox hissəsi Ay tərəfindən örtüləcək.
Qismən tutulma haralarda müşahidə olunacaq?
Qismən Günəş tutulması daha geniş ərazidə görünəcək. Avropanın böyük hissəsində tutulma axşam saatlarında müşahidə olunacaq və bir sıra yerlərdə Günəş tutulma tam başa çatmamış üfüqdə batacaq. Parisdə Günəşin təxminən 92 faizi, Londonda 91 faizi, Berlində isə 85 faizi örtüləcək. Avropanın daha şərqdə yerləşən şəhərlərinin əksəriyyətində isə Günəş tutulmanın maksimum mərhələsinə çatmamış batacaq. Şimali Afrikanın bəzi ərazilərində də oxşar vəziyyət müşahidə olunacaq. Atlantik okeanın o biri tərəfində isə tutulma səhər və günorta saatlarına təsadüf edəcək. Şimali Amerika tutulma zolağından uzaqda yerləşdiyi üçün burada Günəşin yalnız kiçik hissəsi örtüləcək. Kanadanın Sent-Cons şəhərində Günəşin təxminən 53 faizi, Monrealda 18 faizi, Torontoda isə 8 faizi örtüləcək.
ABŞ-də ən böyük tutulma Alyaskanın bəzi ərazilərində müşahidə olunacaq və Günəşin təxminən 37 faizi örtüləcək.
Növbəti tam Günəş tutulması nə vaxt olacaq?
Növbəti tam Günəş tutulması 2027-ci il avqustun 2-də baş verəcək. Tutulmanın zolağı İspaniyanın cənubundan, Şimali Afrikadan və Yəməndən keçəcək. NASA-nın məlumatına görə, Yer kürəsində hər il iki-beş Günəş tutulması müşahidə olunur. Lakin tam Günəş tutulmaları daha nadir hadisədir və orta hesabla hər il yarımdan bir baş verir.(sfera.az)
















