İsveçrədə alimlər torpağın bioloji aktivliyini və canlılığını ölçmək üçün qeyri-adi üsula əl atıblar. Ölkə üzrə 2 mindən çox pambıq alt paltarı torpağa basdırılıb və iki ay sonra nəticələr araşdırılıb. Bəzi alt paltarlarının demək olar ki, tamamilə parçalandığı, bəzilərinin isə böyük ölçüdə salamat qaldığı məlum olub.
Cagdas.az xəbər verir ki, Zürix Universitetinin rəhbərliyi ilə aparılan layihəyə mindən çox könüllü qatılıb. Tədqiqat çərçivəsində bağlardan əkin sahələrinə qədər müxtəlif ərazilərə 2 mindən çox pambıq alt paltarı və minlərlə çay paketi basdırılıb.
İki ay torpağın altında qaldıqdan sonra alt paltarları çıxarılaraq onların parçalanma səviyyəsi müqayisə edilib. Bəzi nümunələrin demək olar ki, ilk günkü kimi qaldığı, digərlərinin isə tamamilə parçalandığı və yalnız tikiş saplarının salamat olduğu müəyyənləşib. Alimlərin fikrincə, nəticələr torpağın altında yaşayan mikroorqanizmlərin və digər canlıların fəaliyyətinin ərazilər üzrə ciddi şəkildə fərqləndiyini göstərir.
Araşdırma zamanı xüsusilə intensiv istifadə olunan əkin sahələri və binaların ətrafındakı eynitipli çəmənliklərdə bioloji aktivliyin daha aşağı olduğu müəyyən edilib. Baxımlı şəxsi bağlarda isə basdırılan alt paltarlarının yarıdan çoxunun qısa müddətdə parçalandığı müşahidə olunub. Bu, torpaqda soxulcanlar, bakteriyalar və göbələklər kimi parçalayıcı orqanizmlərin daha aktiv olduğunu göstərə bilər. Lakin alimlər xəbərdarlıq ediblər ki, parçalanmanın sürətli olması hər zaman torpağın sağlam olduğu anlamına gəlmir. Bağlarda həddindən artıq gübrə istifadəsi də torpaqda süni şəkildə yüksək bioloji aktivliyə səbəb ola bilər.
Tədqiqatın əsas məqsədi torpaq ekosisteminin vəziyyətinə diqqət çəkmək və torpaq keyfiyyətinin qorunmasının əhəmiyyətini göstərməkdir. Alimlər bildirirlər ki, qida istehsalının əsasını təşkil edən üst torpağın keyfiyyətinin azalması qlobal ərzaq təhlükəsizliyi baxımından ciddi risk yaradır. Torpaq eyni zamanda planetin mühüm karbon ehtiyatlarından biri hesab olunur. Məhz buna görə “Alt paltarı indeksi” kimi tanınan bu qeyri-adi üsul torpağın bioloji aktivliyini sadə və diqqətçəkən formada müqayisə etməyə imkan verir. Tədqiqatın nəticələri isə torpaqdan istifadə üsulunun yeraltı ekosistemə birbaşa təsir etdiyini ortaya qoyub.\referans media\
















