2027-ci ilin dövlət büdcəsində sosial ödənişlərin artırılması gözlənilir.
Cagdas.az bildiriri ki İqtisadçı, REAL partiyasının sədri Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, son illərdə dövlət büdcəsində sosial yönümlü xərclərin artırılması ənənəvi hal alıb.
Onun sözlərinə görə, bu artımlar bəzi hallarda yalnız inflyasiyanın təsirlərini kompensasiya etməyə kifayət edir:
“Hər il büdcə qəbul olunarkən sosial yönümlü xərclərdə artım olur. Bu artım bəzi hallarda ancaq inflyasiyanı kompensasiya etməyə çatır”.
İqtisadçı 2027-ci ildə pensiyaların və dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışanların maaşlarının təxminən 8-10 faiz artırıla biləcəyini düşünür.
“Çox güman ki, gələn il də təqaüdlərdə, dövlət büdcəsindən maaş alanların maaşlarında hardasa 8-10 faiz artım olacaq. İllərdir bu alqoritm davam edir, indi də biz bunun şahidi olacağıq”, – deyə N.Cəfərli bildirib.
O qeyd edib ki, sosial ödənişlərin artırılması müsbət hal olsa da, bu artım insanların real gəlirlərinin əhəmiyyətli şəkildə yüksəlməsinə imkan verməyə bilər:
“Artımın olması yaxşıdır, nə qədər çox artsın, bir o qədər yaxşıdır. Amma bu, ölkədəki inflyasiyanı, qiymət artımını tam kompensasiya etmir və insanların real gəlirlərinin artırılmasına xidmət etmir”.
N.Cəfərli hesab edir ki, 2027-ci ilin büdcəsində sosial müavinətlərin də artırılması məsələsinə diqqət yetirilməlidir.
İqtisadçı xüsusilə uşaq pulu məsələsinin gündəmə gətirilməsinin vacibliyini vurğulayıb:
“Gözləntilər odur ki, sosial müavinətlərdə də artım olsun, uşaq pulu məsələsi hansısa formada həllini tapsın. Demoqrafik böhranı nəzərə almaq lazımdır. Amma hələ ki, bununla bağlı belə bir diskussiya yoxdur”.
İqtisadçı əlavə edib ki, dövlət büdcəsinin parlamentə təqdim olunacağı noyabr-dekabr aylarında bu məsələlərlə bağlı müzakirələrin aparılacağına ümid edir.
















