Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon Orta Asiyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində gördükləri işlərə görə “Beynəlxalq Lev Tolstoy Sülh Mükafatı”na layiq görülüblər.
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Konservatoriyasında “Lev Tolstoy Beynəlxalq Sülh Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.
Cagdas.az-ın Qırğızıstan Prezidentinin Mətbuat Xidmətinə istinadən yaydığı məlumata görə, mərasimdə Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə yanaşı, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak ediblər.
Tədbir zamanı Orta Asiya regionunda sülhün və təhlükəsizliyin gücləndirilməsinə verdikləri mühüm şəxsi töhfələrə görə Japarov, Mirziyoyev və Rəhmon mükafatla təltif olunublar. Mükafat onlara Rusiya Dövlət Akademik Böyük Teatrının və Mariinski Dövlət Akademik Teatrının baş direktoru Valeri Gergiyev tərəfindən təqdim edilib.
Qeyd edək ki, ilin əvvəlində Özbəkistan, Tacikistan və Qırğızıstan arasında sərhəd məsələlərinin həllini nəzərdə tutan saziş imzalanıb, həmçinin üç ölkənin liderləri tərəfindən əbədi dostluq haqqında Xocənd Bəyannaməsi qəbul edilib.
















