ABŞ ilə Almaniya arasında gərginlik daha da artıb. Buna səbəb Almaniya kansleri Fridrix Merzin Vaşinqtonun İrana qarşı siyasətini “strategiyasız” və “düşünülməmiş” adlandırması olub.
Çağdaş.Az xəbər verir ki, Merzin ABŞ-nin İran qarşısında “alçaldıldığını” deməsi isə Ağ Evdə ciddi narazılıq yaradıb. Bundan dərhal sonra Donald Trump Almaniyadakı Amerika hərbi kontingentinin azaldılacağını açıqlayıb.
CNN Internationalın məlumatına görə, Pentaqon qərarın 6-12 ay ərzində həyata keçiriləcəyini bildirib.
Bu qərardan sonra Almaniyada yerləşən ABŞ hərbçilərinin sayı təxminən 30 min nəfərə enəcək.
Pentaqon qeyd edib ki, qərar Avropadakı qüvvə strukturunun yenidən qiymətləndirilməsi və bölgədəki hərbi ehtiyaclarla əlaqədardır.
Müşahidəçilər hesab edir ki, bu gərginlik Vaşinqtonun NATO müttəfiqləri ilə tam məsləhətləşmədən İrana qarşı əməliyyatlara başlamasının nəticəsidir.
Məlumata görə, Tramp administrasiyası yalnız Almaniyanı deyil, həmçinin kifayət qədər dəstək vermədiyini düşündüyü İtaliya və İspaniyanı da oxşar hərbi məhdudiyyətlərlə hədələyib.
Almaniya ABŞ-yə logistik dəstək və hava bazalarından istifadə imkanı versə də, həmin bazaların birbaşa hücum əməliyyatlarında istifadəsinə qarşı çıxır.
Berlin rəhbərliyi böhrandan sonra Hörmüz boğazının açılması üçün mina təmizləyən gəmilər göndərməyə hazır olduğunu açıqlasa da, bu addımlar Tramp administrasiyasını tam qane etməyib.
















