Müctəba Xamenei 1 May Əmək və Zəhmətkeşlər Günü münasibətilə yayımladığı mesajda İranın iqtisadi və mədəni mübarizəni qətiyyətlə davam etdirməli olduğunu bildirib.
Çağdaş.Az-ın xəbərinə görə, Xamenei qeyd edib ki, İran hərbi sahədə əldə etdiyi imkanları artıq dünyaya nümayiş etdirib və indi eyni yanaşma iqtisadi və mədəni sahələrdə də davam etdirilməlidir.
İranın dini lideri bildirib:
“İran 47 ildən artıq davam edən mübarizədən sonra hərbi sahədə malik olduğu mühüm imkanların bir hissəsini dünyaya sübut edib. İran iqtisadi və mədəni mübarizə mərhələsində də düşmənlərini ümidsizliyə salmalı və məğlub etməlidir.”
Xamenei mesajında işçi və zəhmətkeşlərin ölkənin inkişafındakı roluna da toxunub. O bildirib ki, əmək fəaliyyəti evlərdən fabriklərə, tarlalardan xidmət sektoruna qədər geniş sahəni əhatə edir.
Onun sözlərinə görə, çalışqanlıq və məsuliyyət hissi gücləndikcə ölkənin inkişafı da daha möhkəm təmin olunacaq.
İran lideri çıxışında ölkənin son illərdə hərbi sahədə əldə etdiyi nailiyyətləri də vurğulayıb və bunu İranın güc göstəricilərindən biri kimi qiymətləndirib.
















