Donald Tramp ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı açıqlama verərək, Vaşinqtonun geri addım atmayacağını bildirib.
Çağdaş.Az xəbər verir ki, Florida ştatının Villages bölgəsində tərəfdarları qarşısında çıxış edən Tramp deyib:
“İrandan tez çıxıb problemin yenidən ortaya çıxmasına imkan verməyəcəyik.”
Tramp bildirib ki, İran tərəfi ABŞ-nin istədiyi formatda razılaşma təklif etmir:
“İranlılar bizə lazım olan tipdə razılaşma ilə gəlmirlər. Biz bu məsələni uyğun şəkildə həll edəcəyik.”
ABŞ prezidenti həmçinin İran rəhbərliyini sərt şəkildə tənqid edərək onları “çox pis insanlar” adlandırıb.
Tramp çıxışında Tehran rəhbərliyinin iki həftə ərzində 42 min etirazçını öldürdüyünü iddia edib. Bununla bağlı o, konkret sübut təqdim etməyib.
Tramp qeyd edib ki, İranın keçidlərə məhdudiyyət tətbiq etməsi nəticəsində Hörmüz boğazında təxminən 400 gəmi ilişib qalıb.
O, həmçinin İran donanmasına aid 159 gəminin son iki həftə ərzində məhv edildiyini iddia edib.
Tramp çıxışında NATO-nu da tənqid edib. O bildirib ki, ABŞ alyansa “trilyonlarla dollar” xərcləsə də, Körfəz bölgəsindəki əməliyyatlarda NATO-dan kifayət qədər dəstək görməyib.
















