NATO-ya üzv ölkələr İtaliyanın etirazı səbəbindən Ukraynaya gələcək hərbi yardımın müddəti ilə bağlı hələ də ortaq mövqe formalaşdıra bilməyiblər.
Çağdaş.Az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, NATO-nun daimi nümayəndələri çərşənbə axşamı alyansın Ankarada keçiriləcək sammitinin yekun bəyanatının layihəsini dəstəkləyiblər. Sənəddə 2026-cı ildə Ukraynaya silahlanma, hərbi hazırlıq və digər dəstək tədbirləri üçün 70 milyard avro ayrılması nəzərdə tutulur.
Layihənin ilkin variantında yardımın 2027-ci ildə də “ən azı eyni səviyyədə” davam etdiriləcəyi qeyd olunmuşdu. Lakin İtaliya bu müddəaya etiraz etdiyindən, sənəddən çıxarılıb və məsələ hələlik açıq qalır.
Məlumata əsasən, NATO-nun daimi nümayəndələrinin növbəti iclası iyulun 2-də baş tutacaq. Görüşdə iyulun 7-8-də keçiriləcək alyans sammiti ərəfəsində yekun mətn üzrə razılığın əldə olunmasına çalışılacaq.
“Frankfurter Allgemeine Zeitung” yazır ki, rəsmi Almaniya NATO-nun Kiyevə uzunmüddətli dəstək öhdəliyini rəsmən bəyan etməsi üçün fəal diplomatik səylər göstərir.
















