TƏBİB təcili tibbi yardımda yeni “Ambucycle” motosiklet xidmətini tətbiq edir.
Cagdas.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb.
Qeyd olunub ki, ölkədə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu model ilkin mərhələdə pilot layihə kimi Bakı şəhərində tətbiq ediləcək.
Bildirilib ki, zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz edilmiş “Ambucycle” xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə olunur. Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirə bilir.
Məlumata görə, zərurət yarandıqda pasiyentin vəziyyətinə uyğun olaraq tam təchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunması da koordinasiya edilir.
Layihədə iştirak edən feldşerlər İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində, Yeni Klinikada və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində nəzəri və praktiki təlimlər keçiblər.
TƏBİB qeyd edib ki, bu xidmət modeli İsrail və Böyük Britaniya kimi ölkələrdə uğurla tətbiq olunur və təcili tibbi yardımın hadisə yerinə çatma müddətinin azaldılması, kritik hallarda erkən tibbi müdaxilənin təmin edilməsi baxımından effektivliyini sübut edib.
Pilot mərhələnin nəticələri qiymətləndirildikdən sonra xidmət modelinin tətbiq coğrafiyasının genişləndirilməsi nəzərdən keçiriləcək.
________________
Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib.
Cagdas.az xəbər verir ki, layihə çərçivəsində təcili tibbi yardım briqadalarının fəaliyyətində motosikletlərdən istifadə olunacaq. Dünyanın bir sıra ölkələrində tətbiq edilən bu modelin paytaxtda da hadisə yerinə daha qısa müddətdə çatmağa imkan verəcəyi gözlənilir.
Yeni sistemə əsasən, motosikletlə hərəkət edən tibb işçisi ambulans gələnədək hadisə yerinə çataraq xəstəyə ilkin tibbi yardım göstərəcək, zərurət yarandıqda isə vəziyyətin stabilləşdirilməsi üçün təxirəsalınmaz müdaxilələr edəcək.
Bildirilir ki, son illər Bakıda nəqliyyat sıxlığının artması fonunda bu model təcili tibbi yardımın operativliyini artıracaq. Motosikletlər şəhərdaxili sıx trafikdə daha çevik hərəkət edərək çağırış ünvanına daha qısa müddətdə çata biləcək.
Məlumata görə, xidmətə cəlb olunacaq motosikletlər avtomatik xarici defibrilyator, oksigen balonu, travma çantası, reanimasiya avadanlıqları və təcili tibbi yardım üçün zəruri dərman preparatları ilə təchiz ediləcək.
















