Bu günə qədər Azərbaycanda payızlıq taxıl sahələrinin 86 %-də biçin başa çatıb.
Cagdas.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargah məlumat yayıb.
Mövsüm ərzində 827 625 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 877 903 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,8 sent/ha təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 sent/ha çoxdur.
İndiyə qədər mexanizatorlar 365 154 hektar buğda, 462 471 hektar arpa sahəsi biçib. Bu sahələrdən 1 371 200 ton buğda, 1 506 703 ton arpa yığılıb. Buğda sahələrinin 79,4 %-də, arpa sahələrinin isə 92,1 %-də biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,6 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.
Artıq 17 rayonda – Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Naftalan, Göyçay, Tərtər, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, respublikanın 16 rayonunda – Ağsu, Ağdam, Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Goranboy, İmişli, Qazax, Qəbələ, Zərdab, Saatlı, Samux, Siyəzən, Şəki rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.
Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.(referans media)
















