Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya ilə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında enerji və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli perspektivlərin olduğunu bildirib.
Çağdaş.az xəbər verir ki, Lavrov bu barədə Manilada keçirilən Rusiya–ASEAN xarici işlər nazirlərinin toplantısında çıxışı zamanı danışıb.
Nazirin sözlərinə görə, Rusiya və ASEAN ölkələrinin liderləri siyasət və təhlükəsizlik, yeni çağırış və təhdidlərə qarşı mübarizə, eləcə də ticarət, iqtisadiyyat, investisiya, mədəniyyət, təhsil və humanitar əlaqələrin inkişafı istiqamətində mühüm razılaşmalar əldə ediblər.
“Ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, rəqəmsal transformasiya və platforma iqtisadiyyatı sahələrində çox yaxşı əməkdaşlıq perspektivləri görürük. Kazanda qəbul edilən dörd əsas sənəd bütün bu istiqamətlər üzrə birgə fəaliyyət üçün aydın yol xəritəsi müəyyən edib”, – deyə Lavrov bildirib.
Rusiya XİN başçısı əlavə edib ki, Kazan sammiti ASEAN ölkələrində yüksək qiymətləndirilib. Onun sözlərinə görə, təşkilata üzv dövlətlərin nümayəndələri sammitin Rusiya ilə ASEAN arasında bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərinə əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ortaq iradəni nümayiş etdirdiyini vurğulayıblar.
Qeyd edək ki, Sergey Lavrov iyulun 21-də Filippinin paytaxtı Manilaya səfər edib. İyulun 23-dək davam edəcək səfər çərçivəsində o, ikitərəfli görüşlərlə yanaşı, Rusiya–ASEAN formatında xarici işlər nazirlərinin toplantısında, Şərqi Asiya Sammitində və ASEAN Regional Təhlükəsizlik Forumunda iştirak edəcək.
ASEAN 1967-ci ildə yaradılıb. Hazırda təşkilata Bruney, Şərqi Timor, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin daxildir.
















