İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Nəsr-2” əməliyyatının 24-cü mərhələsi çərçivəsində Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.
SEPAH-ın yaydığı məlumata görə, Bəhreynin Əl-Mühərrəq bölgəsində yerləşən ABŞ-a məxsus radar sistemi və hava hücumundan müdafiə kompleksi, həmçinin Ər-Rifa bölgəsindəki Patriot hava hücumundan müdafiə sistemi raket və PUA hücumları nəticəsində məhv edilib.
Açıqlamada bildirilir ki, əməliyyatın davamı olaraq Küveytdə ABŞ-a məxsus uzaqmənzilli radar kompleksi, rabitə mərkəzi, peyk əlaqə sistemləri və Əli Əl-Salim aviabazasındakı MQ-9 pilotsuz uçuş aparatlarının yerləşdiyi anqar hədəfə alınıb. İran tərəfi çoxsaylı PUA-ların məhv edildiyini və ya ciddi zərər gördüyünü iddia edib.
SEPAH həmçinin Küveytdə yerləşən Əhməd Əl-Cabir aviabazasında yerləşdirilmiş erkən xəbərdarlıq radarı, raketdən müdafiə radarı, FPS-117 radar sistemi, Patriot hava hücumundan müdafiə kompleksi və peyk rabitə sistemlərinin də zərbələr nəticəsində sıradan çıxarıldığını bildirib.
Bununla yanaşı, İran Ordusu da “İldırım Əməliyyatı”nın 19-cu mərhələsi çərçivəsində Küveytdə yerləşən ABŞ-ın Arifcan, Əl-Udeyri və Əhməd Əl-Cabir hərbi bazalarına kamikadze pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyini açıqlayıb.
Ordunun məlumatına görə, Arifcan bazasında inzibati binalar və naviqasiya antenləri, Əl-Udeyri düşərgəsində helikopterlərin saxlanıldığı ərazi, Əhməd Əl-Cabir bazasında isə ABŞ hərbçilərinin yerləşdiyi bina hədəfə alınıb.
Qeyd: İranın səsləndirdiyi bu iddialar hələlik ABŞ, Bəhreyn və Küveyt rəsmiləri tərəfindən müstəqil şəkildə təsdiqlənməyib.
















