Azərbaycanda nağdsız ödənişlərin həcmi ildən-ilə artsa da, sahibkarlar POS-terminal komissiyaları və bank xidmət haqları ilə bağlı narazılıqlarını davam etdirirlər. Ekspertlər hesab edirlər ki, xüsusilə kiçik və orta biznes üçün bu xərclərin azaldılması nağdsız ödənişlərin genişlənməsinə, maliyyə əməliyyatlarının şəffaflaşmasına və kölgə iqtisadiyyatının həcminin azalmasına mühüm töhfə verə bilər.
CAgdas.az xəbər veriri ki mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda nağdsız ödənişlərin artması iqtisadiyyatın rəqəmsallaşması baxımından müsbət tendensiyadır.
Onun sözlərinə görə, POS-terminal komissiyaları və digər bank xidmət haqları xüsusilə kiçik və orta sahibkarlar üçün əlavə xərc yaradır.
“Mənfəət marjası aşağı olan bizneslərdə bu komissiyalar sahibkarların nağdsız ödənişlərə marağını azalda, bəzi hallarda isə nağd hesablaşmalara üstünlük verməsinə səbəb ola bilər.
Bank komissiyalarının daha münasib səviyyəyə endirilməsi nağdsız ödənişlərin genişlənməsinə müsbət təsir göstərə bilər. Sahibkarların xərcləri azaldıqca POS-terminaldan istifadəyə maraq artar, istehlakçılar da kart və rəqəmsal ödənişlərdən daha rahat istifadə edərlər. Bu isə maliyyə əməliyyatlarının daha şəffaf aparılmasına, vergi uçotunun yaxşılaşmasına və kölgə iqtisadiyyatının həcminin azalmasına kömək edə bilər.
Dövlət bu istiqamətdə balanslı tənzimləmə həyata keçirə bilər. Bir tərəfdən bankların xidmət göstərməsi üçün iqtisadi əsaslar qorunmalı, digər tərəfdən isə kiçik sahibkarların əlavə maliyyə yükü ilə üzləşməsinin qarşısı alınmalıdır. Komissiyalar üzrə daha çevik yanaşmanın tətbiqi, kiçik biznes üçün güzəştlərin nəzərdə tutulması və rəqabətin artırılması həm sahibkarların, həm də istehlakçıların maraqlarına uyğun olar. Bu, uzunmüddətli perspektivdə nağdsız iqtisadiyyatın inkişafına və maliyyə sisteminin daha səmərəli fəaliyyətinə töhfə verə bilər”, – deyə Akif Nəsirli qeyd edib.
















