Türkiyə və İraq İraq neftini Aralıq dənizinə ixrac edən Kərkük-Ceyhan neft boru kəmərinə dair müqavilənin müddətini daha bir il uzatmaq barədə razılığa gəliblər.
Cagdas.az Bloomberg-ə istinadən xəbər verir ki, qərar Hörmüz boğazından keçən gəmiçilik riskləri fonunda qlobal bazarlara alternativ təchizat marşrutunu qorumaq məqsədi daşıyır. Agentliyin məlumatına görə, tərəflər 27 iyulda müddəti bitən müqavilənin müvəqqəti uzadılması barədə razılığa gəliblər. Yeni sənədin 53 il qüvvədə olan əvvəlki müqavilənin müddəti bitdiyu gündən qüvvədə sayılacaq.
Danışıqlar müddətində boru kəməri ilə neft nəqli dayandırılmayıb. İraq Neft Nazirliyinin sözçüsü Səlim əl-Rikabinin sözlərinə görə, yeni müqavilə gündə 750.000 barelə qədər neft ixrac gücünün rezerv edilməsinə imkan verir. Eyni zamanda, o, faktiki təchizat həcmlərinin təhlükəsizlik vəziyyətindən, İraq Kürdüstanı yataqlarında hasilatın tam bərpasından və lazımi infrastrukturun tamamlanmasından asılı olacağını bildirib.
Qeyd edək ki, 986 kilometrlik neft kəməri İraqdakı Kərküyü Türkiyənin Aralıq dənizi Ceyhan limanı ilə birləşdirir. Bloomberg-in yazdığına görə, müqavilənin uzadılması İraq neftinin alternativ marşrut vasitəsilə sabit ixracını təmin edir ki, bu da İranla müharibənin səbəb olduğu Hörmüz boğazından təchizatda yaranan fasilələr nəzərə alınmaqla xüsusilə vacibdir. Türkiyənin Energetika naziri Alparslan Bayraktar X-də paylaşım edərək boru kəmərinin tutumunu təsdiqləyib, Türkiyə Energetika Nazirliyi isə rəsmi olaraq şərh verməyib.
Aralıq müqavilə Türkiyənin regionun enerji sektoruna investisiyalarını artırmasından sonra bağlanıb. Dövlətə məxsus Türkiyə Petrolleri ASC (TPAO) şirkəti Kərkükdə neft və qaz yataqlarını inkişaf etdirən konsorsium olan BP Energy Company of Kirkuk Limited-də 15 faiz pay aldığını elan edib. Tərəflər müqavilənin maliyyə şərtlərini açıqlamayıblar.
Bundan əlavə, İraq Bəsrədən Kərkükə yeni bir boru kəməri çəkir ki, bu da istifadəyə verildikdən sonra Ceyhan marşrutu vasitəsilə ixrac potensialını artırmalıdır./Musavat.com
















