Avqustun 15-dən “28 May–Nizami” mənzilində qatarların hərəkətinin dayandırılması ilə əlaqədar sərnişindaşımanın təmin olunması üçün əlavə avtobus marşrutları təşkil ediləcək.
Cagdas.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi çərçivəsində “28 May–Nizami” mənzilində sərnişindaşıma müvəqqəti dayandırılacaq.
Məlumata görə, bununla əlaqədar aparılmış birgə təhlillər əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə ekspres marşrutlar açılacaq, eyni zamanda mövcud marşrut xətlərinə əlavə avtobuslar cəlb ediləcək.
Bu tədbirlər tikinti müddətində metrodan istifadə edə bilməyəcək sərnişinlərin daşınmasının fasiləsiz təmin edilməsi məqsədi daşıyır.
Qeyd edək ki, “28 May–Nizami” mənzilində tikinti işlərinə avqustun 15-dən başlanılacaq və prosesin təxminən 10-11 ay davam edəcəyi gözlənilir. Bu müddətdə qatarların həmin sahədə hərəkəti dayandırılacaq.
AYNA-nın istifadəyə veriləcək əlavə ekspres marşrutlar və gücləndiriləcək avtobus xətləri barədə məlumatı yaxın günlərdə açıqlaması gözlənilir.
















