Azərbaycanda son iki ildə boşanmaların sayı azalsa da, boşanmaların ən çox qeydə alındığı rayonlar demək olar ki, dəyişməyib.
Son beş ilin statistikası göstərir ki, bu siyahıda əsasən Bakı şəhərinin rayonları üstünlük təşkil edir.
Cagdas.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə ölkədə 17 min 191, 2022-ci ildə 15 min 983, 2023-cü ildə 21 min 688, 2024-cü ildə 21 min 384, 2025-ci ildə isə 20 min 675 boşanma qeydə alınıb. Beləliklə, 2023-cü ildə rekord həddə çatan boşanmaların sayı sonrakı iki ildə azalma tendensiyası nümayiş etdirib. 2021-2024-cü illərin göstəriciləri Dövlət Statistika Komitəsinin rəsmi statistikasına əsaslanır.
Araşdırma göstərir ki, son beş ildə boşanmaların sayına görə liderlik əsasən Xətai, Binəqədi, Yasamal, Sabunçu və Nərimanov rayonlarının əlində olub. Ayrı-ayrı illərdə Gəncə və Sumqayıt da ilk sıralarda qərarlaşsa da, ümumi mənzərə dəyişməyib.
2025-ci ildə boşanmaların sayına görə ilk onluq belə formalaşıb:
• Xətai – 836
• Binəqədi – 821
• Gəncə – 793
• Yasamal – 775
• Sabunçu – 690
• Abşeron – 655
• Suraxanı – 636
• Nərimanov – 505
• Nəsimi – 475
• Nizami – 440
Müqayisə göstərir ki, 2024-cü ildə ilk üçlükdə yer alan Sumqayıt 2025-ci ildə 820 boşanma ilə ilk beşlikdən kənarda qalıb. Əvəzində Yasamal rayonu ilk dördlükdə qərarlaşıb. 2024-cü ildə də boşanmaların sayına görə ilk sıralarda Xətai, Sumqayıt, Gəncə, Binəqədi və Yasamal rayonları yer alırdı.
Boşanmaların intensivliyi baxımından isə mənzərə fərqlidir. Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayına görə Yasamal rayonu son beş ildə ardıcıl olaraq ölkədə liderliyini qoruyur. 2025-ci ildə bu göstərici 4 olub. Sonrakı yerlərdə Xocalı (3,7), Qaradağ (3,3), Səbail, Suraxanı və Xətai (hərəsində 3) qərarlaşıb.
Ən aşağı boşanma göstəricisi isə əvvəlki illərdə olduğu kimi Lerik rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı cəmi 0,9 təşkil edib.
Son beş ilin statistikası göstərir ki, boşanmaların ümumi sayı azalsa da, onların coğrafiyası dəyişmir. Ən yüksək göstəricilər yenə də əhalinin sıx məskunlaşdığı Bakı rayonlarında qeydə alınır və bu rayonlar uzun illərdir ölkə üzrə boşanma statistikasına liderlik edir.(sfera.az)
















