Azərbaycanda kartdan karta köçürmələrlə bağlı yeni məhdudiyyətlərin tətbiqi artıq bankların müştərilərinə göndərdiyi bildirişlərlə rəsmən elan olunmağa başlayıb.
Cagdas.az xəbər verir ki, bundan əvvəl kartdan karta əməliyyatlarla bağlı limitlərin tətbiq ediləcəyi açıqlansa da, rəsmi bildirişi ilk olaraq Azər Türk Bank yayımlamışdı. Artıq avqustun 6-dan etibarən digər banklar da müştərilərinə SMS və mobil tətbiqlər vasitəsilə yeni qaydalar barədə məlumat göndərməyə başlayıblar.
Məsələn, Unibank müştərilərinə göndərdiyi bildirişdə qeyd edib ki, ölkə üzrə kartdan karta vəsait qəbulu üçün gündəlik limit 5 əməliyyat, aylıq limit isə 20 000 manat müəyyən edilib. Bildirişdə vurğulanır ki, eyni banka məxsus kartlar arasında həyata keçirilən köçürmələrə bu məhdudiyyət şamil edilmir.
Belə ki, Unibank kartları arasında köçürmələr limitsiz olaraq qalır. Yeni qaydalar Azərbaycan Mərkəzi Bankının kartdan karta əməliyyatların daha effektiv tənzimlənməsi, qeyri-rəsmi ödənişlərin qarşısının alınması və maliyyə əməliyyatlarında şəffaflığın artırılması məqsədilə qəbul etdiyi qərar çərçivəsində tətbiq olunur.(sfera.az)
















