Mərkəzi və Şərqi Avropanın bir sıra ölkələrində rekord yüksək temperatur qeydə alınıb.
Cagdas.az xəbər verir ki, davam edən ekstremal isti hava dalğası quraqlıq, meşə yanğınları və enerji təchizatında ciddi problemlər yaradıb.
Slovakiya, Avstriya və Macarıstanda temperatur rekordları yenilənib. Slovakiyanın Hidrometeorologiya Xidməti Dolne Plaxtintse yaşayış məntəqəsində havanın temperaturunun 42 dərəcəyə çatdığını açıqlayıb.
Polşada isə Visla çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən Kozienitse və Polyanets kömürlə işləyən elektrik stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılıb. Soyutma üçün kifayət qədər suyun olmaması ölkənin enerji sistemindən təxminən 1,3 giqavat gücün çıxmasına səbəb olub.Polşanın Baş naziri Donald Tusk işəgötürənlərə əməkdaşları isti havadan qorumaq üçün kondisioner və içməli su ilə təmin etmələri barədə çağırış edib.
Almaniyada isə iqlim fəalları hökumətin ekstremal istilərlə bağlı tədbirlərini yetərsiz hesab edərək etiraz aksiyası keçiriblər. “Robert Koch Institute”nin hesablamalarına görə, bu yay ölkədə isti hava ilə əlaqədar təxminən 11 min 900 nəfər həyatını itirib.
Macarıstanın Baş naziri Peter Macar bildirib ki, müvəqqəti dayandırılmış Pakş Atom Elektrik Stansiyası yenidən fəaliyyətə başlayıb. Bununla yanaşı, o, əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi nəticəsində yaranan quraqlıq və yüksək temperatur həm enerji infrastrukturuna, həm də ətraf mühitə ciddi zərbə vurur.
Avropa Meşə Yanğınları Məlumat Sisteminə görə, ilin əvvəlindən bəri Avropa İttifaqında əsasən İspaniya və Fransada 500 min hektara yaxın meşə sahəsi yanıb. Bundan əlavə, Ukraynada da 292 min hektardan çox ərazi alovlara təslim olub.
Ekspertlər xəbərdarlıq edirlər ki, fosil yanacaqlardan asılılığın davam etməsi bu cür ekstremal hava hadisələrinin daha tez-tez və daha şiddətli baş verməsinə səbəb olur.(sfera.az)
















