Vətəndaşa əvvəlcədən xəbərdarlıq edilmədən və məhkəmə qərarı olmadan onun mülkiyyəti sökülə bilərmi? Qanunvericilikdə bu, necə tənzimlənir?
Cagdas.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov əgər tikili həqiqətən də tam tikilmiş, istifadəyə verilmiş və faktiki olaraq yaşayış üçün istifadə olunan vəziyyətdədirsə, həmin tikili ilə bağlı məhkəmə qərarı olmadan hər hansı söküntü işinin aparılması yolverilməzdir deyib:
“Bununla bağlı şəhərsalma hüququnu tənzimləyən normalar, o cümlədən müvafiq qanunvericiliyin 29-cu maddəsi, eyni zamanda Mülki Məcəllə, Torpaq Məcəlləsi və digər hüquqi aktların tələbləri mövcuddur. Bu normaların mahiyyəti ondan ibarətdir ki, artıq istifadəyə verilmiş, yaşayış üçün istifadə olunan və tikinti mərhələsində olmayan yaşayış sahəsinin sökülməsi üçün, bir qayda olaraq, məhkəmə qərarı olmalıdır. Bunun alternativi yoxdur. Əks halda belə bir söküntünün aparılması hüquq pozuntusu kimi qiymətləndirilə bilər”.
Vəkil bildirib ki, söhbət tikilməkdə olan və ya tikintisinə yeni başlanılmış, müəyyən hissəsi inşa edilmiş, lakin böyük bir hissəsi hələ hazır olmayan tikilidən gedirsə, burada vəziyyət fərqli ola bilər:
“Belə hallarda tikintinin dayandırılması və artıq inşa edilmiş hissənin sökülməsi ilə bağlı qanunvericilikdə müəyyən prosedurlar və müddətlər nəzərdə tutulur. Lakin burada da konkret vəziyyət mütləq şəkildə qiymətləndirilməlidir. Yəni tikili tam inşa edilmiş və faktiki olaraq yaşayış üçün istifadə olunan vəziyyətdədirsə, onun məhkəmə qərarı olmadan sökülməsi, əlbəttə ki, qanun pozuntusudur. Eyni zamanda, tikilməkdə olan yaşayış sahələri ilə bağlı da yanaşma “tikinti var, dərhal sökülməlidir” prinsipi üzərində qurulmamalıdır. Burada da müvafiq araşdırma və qiymətləndirmə aparılmalıdır. Əgər müəyyən edilərsə ki, həmin tikinti tikinti və şəhərsalma norma və qaydalarına uyğun deyil, müəyyən edilmiş ölçüləri aşır və bu səbəbdən müvafiq razılıq və ya icazə alınmayıb, yaxud tikinti xüsusi rejimli torpaq sahəsində aparılır, o zaman məsələyə başqa cür yanaşılır”.
R.Cəfərov deyib ki, məsələn, strateji obyektlərin yerləşdiyi ərazilər, təhlükəsizlik baxımından xüsusi rejim tətbiq olunan sahələr, təhlükəli mənbələrin yaxınlığında yerləşən ərazilər, kənd təsərrüfatı təyinatlı torpaqlar və digər xüsusi statuslu torpaq sahələri buna aid ola bilər:
“Əgər araşdırma nəticəsində müəyyən edilirsə ki, tikinti və şəhərsalma qayda və normalarına əməl olunmayıb, tikintinin aparılmasına müvafiq razılıq və ya icazə yoxdur və ya tikinti ümumiyyətlə tikinti aparılması qadağan edilən torpaq sahəsində və ya ərazidə həyata keçirilir, belə halda qanunvericiliyin tələblərinə uyğun olaraq söküntü aparıla bilər”.
















