Massaçusets Texnologiya İnstitutunun (MIT) astrofizikləri Balina (Kit) bürcündə yeni astronomik obyekt aşkar etdiklərini ehtimal edirlər.
Cagdas.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub. Alimlərin məlumatına görə, obyekt xarici görünüşünə görə nəhəng ulduzu xatırladır, lakin məlum olan istənilən ulduzdan təxminən 100 milyard dəfə çox enerji yayır. Şüalanma səviyyəsinə görə isə obyekt qara dəliklərə daha yaxındır. Bildirilir ki, bu mənbə Böyük Partlayışdan təxminən 660 milyon il sonra yaranıb.
Tədqiqatın aparıcı müəllifi Rohan Nidu bildirib ki, obyekt ulduz və qara dəliyin birləşməsini xatırladır.
Qeyd edək ki, may ayında NASA və Avropa Kosmik Agentliyi “James Webb” kosmik teleskopunun köməyi ilə ilkin qara dəlik üçün ən ehtimal olunan namizədlərdən birinin aşkarlandığını açıqlayıb. Bu, erkən kainatda ulduzun çökməsi nəticəsində deyil, başqa mexanizmlə yaranan və öz qalaktikası formalaşmazdan əvvəl mövcud olmuş superkütləli obyekt hesab edilir.(sfera.az)
















