Azərbaycanda xarici valyutada kredit qoyuluşunda 2026-cı ilin iyun və iyul aylarında nəzərəçarpacaq artım müşahidə edilib.
Cagdas.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, iyun ayına qədər xarici valyutada verilən kreditlərin həcmində ciddi dəyişiklik müşahidə olunmurdu.
Son illərdə ümumi kredit borcununun məbləği bir qayda olaraq 4-4,4 milyard manat arasında dəyişirdi. Amma iyunda borc məbləği 4,97 milyard manata, iyulda isə 5,11 milyard manata yüksəlib.
Müqayisə göstərir ki, cəmi iki ay ərzində xarici valyutada kreditlərin həcmi 887 milyon manat və ya 21 faiz artıb. Bu artımdan sonra cəmi kreditlərdə xarici valyutada verilən kreditlərin payı 15,2 faizə çatıb. Halbuki 3 ay əvvəl xarici valyutada olan kreditlərin payı 13 faiz idi.
Xarici valyutada kredit qoyuluşunun artması bankların fəaliyyətindəki dəyişikliklə bağlıdır. Bank olmayan kredit təşkilatları isə əksinə, xarici valyutada kredit qoyuluşunu azaldıb.
Bankların xarici valyutada kredit qoyuluşu üç ay əvvəl 4,22 milyard manat olduğu halda, avqustun 1-də 5,11 milyard manata yüksəlib. Bank olmayan kredit təşkilatları isə bu müddətdə xarici valyutada kreditlərin həcmini 86 milyon manatdan 75 milyon manata endirib.
Qeyd edək ki, xarici valyutada verilən kreditlər manatla verilən kreditlərdən xeyli ucuzdur. Son məlumata əsasən, xarici valyutada verilən kreditlər üzrə borclanma faizi 5,8 faiz olub. Manatla verilən kreditlərdə isə borclanma faizi 15,7 faiz təşkil edib.
Xarici valyutada kredit qoyuluşunun artması bir neçə səbəblə izah oluna bilər.
İlk səbəb kimi idxal-ixrac əməliyyatlarının iyun-iyul aylarında genişlənməsini göstərmək olar. Qanunvericiliyə əsasən, banklar manatla gəliri olan fiziki şəxslərə (sadə vətəndaşlara) istehlak məqsədilə xarici valyutada kredit verə bilməz. Bu səbəbdən valyuta kreditlərinin demək olar ki, hamısı biznes subyektlərinə, xüsusilə yay aylarında xaricdən məhsul idxal edən və ya xarici tərəfdaşlarla irihəcmli müqavilələr bağlayan şirkətlərə yönəlib. Xarici valyutada kreditlərin artmasının başqa bir səbəbi kimi xarici valyutada likvidliyin artmasını göstərmək olar. Mərkəzi Bankın hesabatlarına görə, Azərbaycanın xarici valyuta bazarında təklif tələbi üstələyir. Əhalinin və şirkətlərin depozitləri, həmçinin bankların xarici aktivləri sürətlə artır. Bankların əlində yığılıb qalan böyük həcmdə xarici valyuta vəsaitlərini qazanca çevirmək üçün ən effektiv yol onları iri biznes layihələrinə kredit kimi təklif etməkdir. Xarici valyutada kreditlərin manat kreditlərinə nisbətən daha ucuz (aşağı faizli) olması da onun cəlbediciliyini artırır. Yay aylarında böyük dövriyyə kapitalına ehtiyacı olan iri sahibkarlar üçün bu, maliyyə xərclərini azaltmaq baxımından çox sərfəli fürsət yaradır.
Daha bir səbəb kimi manatın sabitliyinə olan arxayınlığı göstərmək olar. Uzun müddətdir ki, ABŞ dollarının rəsmi məzənnəsi sabit saxlanılır. Həm banklar, həm də irihəcmli borc götürən şirkətlər yaxın perspektivdə kəskin devalvasiya riski görmədikləri üçün dollarla uzunmüddətli və irihəcmli öhdəliklər götürməkdən çəkinmirlər.
Beləliklə, yaranmış vəziyyət xarici valyutada borclanmanı daha cəlbedici edir. Xarici valyutada gəliri olan şirkətlər üçün bu imkandan faydalanmaq xərclərin azaldılmasına, maya dəyərinin aşağı düşməsinə imkan yaradır.\sfera.az\
















