Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ölkələrin ərazi sahəsini daha dəqiq əks etdirən “Equal Earth” (Bərabər Dünya) xəritəsindən istifadəni təşviq edən qətnaməni qəbul edib.
Cagdas.az “CNN International”a istinadən xəbər verir ki, sözügedən təşəbbüslə Afrika ölkələri çıxış edib.
Uzun illərdir istifadə olunan mövcud dünya xəritəsində Afrika qitəsinin sahəsi süni şəkildə kiçildildiyi, Rusiya və Qrenlandiya kimi ərazilərin isə olduğundan dəfələrlə böyük göstərildiyi bildirilib. Bu uyğunsuzluğu aradan qaldırmaq məqsədilə təqdim olunan “Xəritəni düzəlt” adlı qərar layihəsi BMT Baş Assambleyasında 164 ölkənin lehinə səs verməsi ilə qəbul olunub. Səsvermədə 6 ölkə tərəfsiz qalıb, yalnız ABŞ qərara qarşı çıxıb.
Qərarda qeyd olunub ki, indiyədək istifadə edilən xəritə proyeksiyaları Afrika, Latın Amerikası və Cənubi Asiyanın real miqyasından kiçik qavranılmasına yol açırdı.
Bu da həmin regionların iqtisadi, geopolitik və inkişaf potensialının lazımi səviyyədə qiymətləndirilməməsinə təsir göstərib.
1569-cu ildə Qerardus Merkator tərəfindən hazırlanan Merkator proyeksiyası xüsusilə dənizçilik və naviqasiyada geniş istifadə olunur. Lakin ekvatordan uzaqlaşdıqca ölkələrin və qitələrin ölçüləri təhrif olunaraq böyüdülür. Məsələn, Merkator xəritəsində Qrenlandiya Cənubi Amerika ilə demək olar ki, eyni ölçüdə görünür. Reallıqda isə Afrika Qrenlandiyadan təxminən 14 dəfə böyükdür.
2018-ci ildə hazırlanan “Equal Earth” proyeksiyası isə ölkə və qitələrin sahələrini real nisbətlərinə tam uyğun şəkildə əks etdirir.
Qərardan sonra Fransa Xarici İşlər Naziri Can Noel Barro da ölkəsinin Merkator proyeksiyasından imtina edəcəyini və reallığı əks etdirən xəritələrə keçəcəyini bəyan edib. BMT-yə təqdim olunan sənəddə rəqəmsal xəritə platformalarına da çağırış edilərək daha dəqiq proyeksiyalardan istifadəyə keçilməsi istənilib.\sfera.az\
















