Mobil telefon alarkən cihazın yalnız texniki vəziyyətinə və qiymətinə deyil, onun IMEI koduna da diqqət yetirmək vacibdir. Xüsusilə ikinci əl və xaricdən gətirilən telefonlarda IMEI kodunun yoxlanılması sonradan yarana biləcək problemlərin qarşısını ala bilər.
Cagdas.az xəbər veriri ki İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin sədri Elvin Abbasov Modern.az-a bildirib ki, IMEI klonlanması qanuni şəkildə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun başqa cihaza köçürülməsi deməkdir.
Ekspertin sözlərinə görə, IMEI-nin klonlandığını göstərən əlamətlərdən biri telefonun mobil şəbəkədən gözlənilmədən ayrılmasıdır. Belə hallarda operator tərəfindən xəbərdarlıq SMS-i də göndərilə bilər.
Bundan başqa, IMEI kodu yoxlanılarkən onun telefondan fərqli marka və modelə aid olduğu üzə çıxa bilər.
Elvin Abbasov qeyd edib ki, telefonu almamışdan əvvəl *#06# kodunu yığaraq cihazın IMEI nömrəsini öyrənmək və rəsmi IMEI yoxlama xidmətində onun qeydiyyat statusunu yoxlamaq lazımdır.
Eyni zamanda, qutuda, telefonun özündə və sistemdə göstərilən IMEI kodları bir-birinə uyğun olmalıdır.
“Bu kodlar bir-birindən fərqlidirsə, ciddi şübhə yaranır. Bu, ana platanın dəyişdirilməsi və ya cihaza başqa IMEI kodunun yazılması ilə bağlı ola bilər. Belə cihazı almaq böyük riskdir”, – deyə Elvin Abbasov bildirib.
Ekspert vurğulayıb ki, klonlanmış IMEI əsasən cihazın mobil şəbəkədən bloklanmasına səbəb ola bilər.
Onun sözlərinə görə, IMEI-nin klonlanması öz-özlüyündə telefondakı şəxsi məlumatların birbaşa oğurlanması demək deyil. Lakin cihaza qeyri-rəsmi proqram təminatının yüklənməsi əlavə təhlükəsizlik riskləri yarada bilər.
Belə problemlə qarşılaşan şəxsin ilk növbədə satıcıya müraciət etməsi, məsələ həll olunmadıqda isə aidiyyəti qurumlara müraciət etməsi tövsiyə olunur.
















