Nazirlər Kabinetinin qərarı ilə erkən nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydasına edilən dəyişiklik diqqət çəkir. Dəyişikliyə əsasən, 18 yaşı tamam olmayan şəxslə rəsmi nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan hər hansı birlik və ya ittifaq da “erkən evlilik” hesab edilir.
Burada sual yaranır: 18 yaşdan aşağı şəxslərlə birlikdəliklər əvvəllər də qeyri-qanuni sayılırdı.
Elə isə yeni dəyişikliyin mahiyyəti nədən ibarətdir?
Xüsusilə, bu yanaşmanın rəsmi nikah olmadan dini kəbinlə birlikdə yaşayan şəxslərə aid olub-olmaması maraq doğurur.
Azərbaycanda rəsmi nikah olmadan dini kəbin kəsilməsi ilə bağlı müəyyən hüquqi məhdudiyyətlər mövcuddur. Bəs bu məhdudiyyət yalnız yetkinlik yaşına çatmayan şəxslərə aiddir, yoxsa yaşından asılı olmayaraq hər kəs üçün rəsmi nikah olmadan dini kəbin kəsdirilməsi qadağandır?
Çağdaş.Az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı Bizim.Media-ya bildirdi ki, Azərbaycanda illərdir birmənalı şəkildə rəsmi nikah olmadan dini kəbin kəsilmir və bu, hər yaşda cütlüklərə şamil olunur:
“Birinci növbədə rəsmi nikah olmalı, vətəndaşlar qeydiyyata düşməlidir. Sonra istək əsasında dini kəbin kəsdirə bilərlər. Rəsmi nikah olmadan dini kəbinə qəti şəkildə icazə verilmir. Bir müddət öncə çox önəmli bir sənəd – qərar qəbul edildi. Bu qərar ondan ibarətdir ki, 18 yaşına çatmamış heç bir şəxs nikaha daxil ola bilməz. Hansı məqsəddən asılı olmayaraq belə bir addımın atılması qadağandır. Bu qadağanı pozmaq ciddi məsuliyyət daşıyır”.
Qeyd edək ki, cütlük rəsmi nikaha daxil olduqdan, həmin sənədi din xadiminə təqdim etdikdən sonra onlara kəbin kəsilir.
Qafqaz Müsəlmanları Ruhani İdarəsi bununla bağlı din xadimlərinə daim tapşırıqlar verir, nəzarət edir.


