Son dəqiqə
Reklam
Reklam

TƏCİLİ: Pakistan Yəmən müharibəsinə GİRDİ – Təyyarələr dolusu silah və zabitlər cəbhədə

Dünya

Pakistan husilərin irəliləməsinin qarşısını almaq məqsədilə Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinə dörd yük təyyarəsi dolusu silah və hərbi texnika göndərib.

Çağdaş.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, pakistanlı hərbi məsləhətçilər də cəbhə bölgəsinə gələrək səudiyyəli həmkarları ilə birlikdə Yəmən ordusuna fəal dəstək verməyə başlayıblar. Eyni zamanda Səudiyyə Ərəbistanının husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığı bildirilir.

Liman şəhəri Ədənə çatdırılan hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, yüngül artilleriya qurğuları, pilotsuz uçuş aparatları (PUA) və PUA-lara qarşı mübarizə vasitələri daxildir.

Qərb və ərəb rəsmiləri Səudiyyə Ərəbistanının husilərin Qırmızı dəniz sahilinin tamamını nəzarətə götürməsinin qarşısını almaq üçün yüksək intensivlikli və genişmiqyaslı əməliyyat planlaşdırdığını bəyan ediblər. Pakistanın göndərdiyi hərbi dəstəyin Yəməndə döyüşlərin şiddətləndiyi və husilərin hücumlarının dəf edilməyə çalışıldığı bir vaxta təsadüf etməsi diqqət çəkir.

Yəməndə vətəndaş müharibəsi

Yəməndə vətəndaş müharibəsi husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra strateji vilayətləri ələ keçirməsindən sonra başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası isə 2015-ci ilin martından bəri beynəlxalq tərəfdən tanınan Yəmən hökumətinə dəstək verir.

Son zamanlar Yəmən hökumət qüvvələri ilə husilər arasında toqquşmalar yenidən kəskinləşib. Husilər cavab zərbələri endirdiklərini iddia edərək zaman-zaman Səudiyyə Ərəbistanı ərazisinə ballistik raketlər və PUA-larla hücumlar təşkil edirlər./Musavat.com/