Son dəqiqə
Reklam
Reklam

Moskvadan rəsmi HƏDƏ: İrəvan küçələri necə Kiyevə çevriləcək….

Dünya

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın hazırkı rəhbərliyinin seçdiyi xarici siyasət yolunun respublika üçün müsbət nəticələrə gətirib çıxarmayacağını bildirib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedev: Ermənistanın Qərbin diktəsindən qurtulması çətin olacaq

Onun fikrincə, ölkə üçün ən təhlükəli ssenari onun “yeni Ukrayna”ya çevrilməsi ola bilər. “Ermənistanın hazırkı rəhbərliyi inkişaf vektorunu dəyişdirməyi düzgün hesab edib. Əminəm ki, bu da yaxşı bir şeyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən pis şey onun yeni Ukraynaya çevrilməsidir”, – deyə Medvedev İranın dövlət televiziya və radiosuna verdiyi müsahibədə bildirib.

Bundan əvvəl də Rusiya rəsmiləri Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu davam etdirəcəyi təqdirdə bu ölkənin “ikinci Ukraynaya” çevrilə biləcəyi barədə xəbərdarlıq ediblər. Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları zamanı bildirib ki, Aİ-yə üzvlük prosedurunun başlanması haqqında qanunun qəbul edilməsi Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə bəyanat deməkdir. Rusiya hesab edir ki, bu məsələ ilə bağlı Ermənistanda mümkün qədər tez referendum keçirilməlidir.

Ermənistan Rusiya-Qərb arasında çabalayır - ŞƏRH

Medvedevin Ermənistana xəbərdarlığı təsadüfi deyil. Çünki Ukraynada Maydan hərəkatı, avrointeqrasiya qərarı Rusiyanın işğalçı hərəkətlərinə səbəb olub. Əvvəlcə Krımın anneksiyası, ardınca Donetsk və Luqanskda separatizmə dəstək, nəhayət 2022-ci ildən isə genişmiqyaslı hərbi əməliyyatlar…
Rusiya Ermənistanı da cəzalandıracağı ilə təhdid edir. Referendumu da keçirməyə tələsdirir ki, ermənilər seçim etsin. “Gallup”un son sorğularında avrointeqrasiya tərəfdarları cüzi üstünlük qazanır. Rusiya hesab edir ki, Ermənistan Aİ-ni seçərsə, ona siyasi-iqtisadi və hərbi təzyiqləri gücləndirəcək. Xüsusən də Gümrüdəki hərbi bazanın çıxması fonunda Ermənistanın təhlükəsizliyinə qarantiya olmayacağı propoqandası aparılır.

Bir müddət əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, Avropa Birliyinə qoşulacağı halda Ermənistan imtiyazlar almayacaq. O, irəli gedərək “Ermənistana da keçmişdə Ukraynaya necə münasibət göstərilibsə, o cür münasibət göstəriləcək” söyləyib.

Ermənistan və “boz idxalçılıq”

Lakin indi Ermənistanda hərbi çevriliş real görünmür. AB və ABŞ tərəfindən Paşinyan hökumətinə dəstək var. Ölkədə ictimai rəy də birmənalı şəkildə Rusiyanın lehinə deyil. Doğrudur, son parlament seçkiləri Kremlin dəstəklədiyi müxalifətin səs faizlərində artım olduğunu ortaya qoydu. Bununla belə, hakimiyyət Köçəryan və digərlərini cəzalandırmağa davam edir.

Bu da Rusiyanın daxildə siyasi təsirlərinin azalmasına gətirib çıxarmaqdadır. Fəqət təzyiq rıçaqları hələ də qalmaqdadır: erməni məhsullarına embarqo (hərçənd Aİ kompensasiya etmk üçün güzəşt tətbiq etdi), dəmiryolları üzərində mülkiyyətçilik, sərhədlərdə rus hərbçilərinin varlığı, Ermənistanın Aİİ üzvü kimi dividendləri, güzəştləri və s. Sadəcə, Medvedevin təhdidi heç də siyasi-iqtisadi basqılara eyham vurmur. O, Ukraynanı nümunə gətirməklə Ermənistanın güc tətbiq edilməklə cəzalandırılacağına işarə vurur.

Maraqlıdır, ermənilər Aİ-yə üzvlüyü seçsələr, İrəvan küçələri necə Kiyevə çevriləcək…

Emil Salamoğlu
Musavat.com