Uşağa qulluğa görə işləyən analara ödənilən aylıq müavinətlərin məbləği müzakirələrə səbəb olub. Belə ki, digər sosial ödənişlərin, o cümlədən pensiya və müavinətlərin məbləği zaman-zaman artırılsa da, uşağın 1 yaş yarımınadək qulluğuna görə anaya ödənilən 44 manat, 1 yaş yarımdan 3 yaşınadək isə verilən 28 manat 10 ildir dəyişməz qalıb.
2027-ci ildə həmin aylıq müavinətlərdə artım gözlənilirmi?
Cagdas.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, uşağa qulluğa görə işləyən analara ödənilən aylıq müavinətlərin növbəti ildə artırılması məsələsi dövlətin sosial siyasəti və büdcə imkanları ilə bağlıdır:
“Ərzaq, geyim, dərman və digər zəruri məhsulların qiymətləri artdığı halda, müavinətlərin uzun müddət dəyişməməsi onların ailə büdcəsinə real dəstək imkanlarını zəiflədir. 2027-ci il dövlət büdcəsində sosialyönlü xərclərin ümumi xərclərin 44 faizini təşkil etməsi nəzərdə tutulur. Lakin bu göstərici uşağa qulluğa görə müavinətlərin mütləq artırılacağı anlamına gəlmir. Hazırda hökumət tərəfindən məhz bu ödənişlərin 2027-ci ildə hansı məbləğə çatdırılacağı barədə təsdiqlənmiş qərar açıqlanmayıb”.
İqtisadçı bildirib ki, artımın reallaşması üçün müavinətlərin məbləğinin yenidən nəzərdən keçirilməsi və bunun büdcə planlaşdırılmasında nəzərə alınması vacibdir:
“Buna görə də 2027-ci ildə artım ehtimalını istisna etmək olmaz, amma indiki mərhələdə bunu qəti şəkildə gözlənilən qərar kimi təqdim edə bilmərəm”.
Qeyd edək ki, işləyən analara uşağa qulluğa görə ödənilən 44 və 28 manat məbləğində aylıq müavinətlər 2016-cı il fevralın 1-dən qüvvədədir. Bu məbləğlər uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyətdə olan şəxslərə verilir.\referans media\


