Türkiyənin Tokat şəhərində ürəkbulanma, qusma, qarın ağrısı və ishal şikayətləri ilə xəstəxanalara müraciət edənlərin sayı 2914-ə çatıb. Hadisə ilə əlaqədar şəhər mərkəzindəki bütün dövlət və özəl təhsil müəssisələrində dərslər bir günlük dayandırılıb.
Cagdas.az xəbər verir ki, oktyabrın 9-u axşam saatlarından etibarən çoxsaylı insanın oxşar şikayətlərlə tibb müəssisələrinə müraciət etməsindən sonra Tokat Valiliyi tədbirlər görməyə başlayıb.
Valiliyin açıqlamasına əsasən, şəhər mərkəzindəki məktəblərdə geniş dezinfeksiya işlərinin aparılması qərara alınıb. İşlərin daha səmərəli və sanitar şəraitdə görülməsi məqsədilə oktyabrın 12-də bütün dövlət və özəl ümumi və əlavə təhsil müəssisələrində, eləcə də reabilitasiya mərkəzlərində tədrisə bir günlük fasilə verilib. Həmin gün dövlət qurumlarında çalışan əlilliyi olan şəxslər və hamilə əməkdaşlar da inzibati məzuniyyətdə hesab olunacaqlar.
Tokat şəhərində ilk olaraq uşaqlarda müşahidə edilən ürəkbulanma, qusma və qarın ağrısı şikayətləri sonradan böyüklərdə də qeydə alınıb. İlkin məlumatlarda xəstəxanalara müraciət edənlərin sayının 1300–1400 nəfər olduğu bildirilsə də, sonradan bu rəqəm artıb. Valiliyin açıqladığı məlumatlara görə, oktyabrın 11-i saat 08:00-a olan vəziyyətə əsasən, tibb müəssisələrinə müraciət edənlərin sayı 2914 nəfərə çatıb. Müalicə və müşahidə altında saxlanılan 18 uşağın ümumi vəziyyətinin yaxşı olduğu bildirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.
Şəhərdə çoxsaylı insanın oxşar simptomlarla xəstəxanalara müraciət etməsindən sonra içməli suyun keyfiyyəti ilə bağlı yoxlamalar da genişləndirilib. Tokat Valiliyi şəhərin müxtəlif nöqtələrindən götürülən su nümunələrinin ətraflı analiz üçün Ankara İctimai Səhiyyə Referans Laboratoriyasına göndərildiyini açıqlayıb. Nəticələrin üç gün ərzində əldə olunacağı gözlənilir. Hazırda xəstələnmə hallarının içməli su ilə əlaqəli olub-olmadığı araşdırılır.
Laboratoriya nəticələri açıqlanana qədər sakinlərə şəbəkə suyundan içmək və yemək hazırlamaq üçün istifadə etməmək tövsiyə olunub. Valilik bu ehtiyacların etibarlı, qablaşdırılmış içməli su ilə qarşılanmasını məsləhət görüb. Şəbəkə suyunun digər məişət ehtiyacları üçün istifadə oluna biləcəyi, lakin ağız yolu ilə qəbul edilməməli olduğu vurğulanıb.
Tokat Bələdiyyəsinin sədri Mehmet Kemal Yazıcıoğlu daha əvvəl şəhərin müxtəlif ərazilərindən götürülən içməli su nümunələrinin mütəmadi yoxlanıldığını bildirib. Onun sözlərinə görə, oktyabrın 5-də aparılan son analizlərdə hər hansı mənfi nəticə aşkarlanmayıb. Bələdiyyə sədri intensiv yağışlar zamanı da suyun keyfiyyətində dəyişiklik müşahidə edilmədiyini qeyd edib. Bununla belə, son hadisələrdən sonra Valilik ehtiyat tədbirlərini gücləndirib və laboratoriya nəticələri açıqlanana qədər kran suyunun içilməməsini istəyib.
Qeyd edək ki, xəstələnmə hallarının dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. Araşdırmaların nəticələri açıqlanandan sonra hadisənin mümkün mənbəyi barədə daha konkret məlumat əldə etmək mümkün olacaq.\referans media\


