Son dəqiqə
Reklam
Reklam

Ordu hücuma keçdi: Yəməndə müharibə alovlandı

Cəmiyyət

Yəmən ordusu husilərin nəzarətində olan əraziləri geri almaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatlarını davam etdirir.

Cagdas.az xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, polkovnik Macid Abdullah ən-Nezili “Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə məxsus hərbi hədəflərə qarşı 1732 əməliyyatın həyata keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 900-dən çox husi döyüşçüsü zərərsizləşdirilib, 287-dən çox hərbi texnika məhv edilib və ya istifadəyə yararsız vəziyyətə salınıb.

Ən-Nezili bildirib ki, ordu bölmələrinin müxtəlif istiqamətlərdə irəliləməsi ilə paralel olaraq həyata keçirilən əməliyyatlarda döyüş təyyarələrindən, pilotsuz uçuş aparatlarından, səhra artilleriyasından və reaktiv yaylım atəşi sistemlərindən istifadə olunub. Hücumlar zamanı husilərin istehkamları, komanda-idarəetmə mərkəzləri, müşahidə məntəqələri, sursat anbarları və strateji əhəmiyyətli hərbi obyektləri hədəfə alınıb.

Ordunun sözçüsü əməliyyatlar nəticəsində husilərin atəş imkanlarının zəiflədildiyini, komanda-idarəetmə sistemlərinin fəaliyyətinin pozulduğunu və təchizat xətlərinin kəsildiyini iddia edib. O, hərbi əməliyyatların plan üzrə davam edəcəyini və Yəmən qüvvələrinin husilərin müdafiə xətlərini yararaq irəlilədiyini bildirib. Əməliyyatların konkret hansı ərazilərdə və hansı müddət ərzində keçirildiyi açıqlanmayıb. Husilər isə məlumatla bağlı hələlik açıqlama verməyiblər.

Yəmən Prezidentlik Şurasının sədri Rəşad Məhəmməd əl-Uleymi oktyabrın 5-də televiziya ilə yayımlanan videomüraciətində husilərin nəzarətində olan ərazilərin geri qaytarılması və dövlət suverenliyinin ölkə ərazisində bərpası məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlandığını açıqlamışdı.

Yəməndə vətəndaş müharibəsi husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra başlayıb. 2015-ci ilin martında isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən hökumətinə dəstək məqsədilə ölkəyə müdaxilə edib. Məlumata görə, iyul ayında yenidən şiddətlənən toqquşmalar 2022-ci ilin aprelində başlayan atəşkəsdən sonra ən genişmiqyaslı qarşıdurmalardan birinə çevrilib. Sentyabrda döyüşlərin intensivliyi daha da artıb.

Husilərin Hudeydə və Taiz vilayətlərində, o cümlədən strateji əhəmiyyətli Moha şəhərində bəzi ərazilərə nəzarəti ələ keçirdiyi bildirilir. Onların Babülməndəb boğazına baxan Meyyun adasına qədər irəlilədiyi də qeyd olunur.

Qeyd edək ki, əməliyyatlarla bağlı itki və hərbi texnika barədə rəqəmlər Yəmən ordusunun açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.\referans media\