Azərbaycanda problemli kreditlərin həcmi 2024-cü ilin sonundan 2026-cı ilin iyulunadək təxminən 42 faiz artaraq 932,3 milyon manata çatıb.
Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin iclasında çıxışı zamanı Mərkəzi Bankın məlumatlarına istinadən bildirib.
Deputatın sözlərinə görə, 2024-cü ilin sonunda 655,1 milyon manat olan qeyri-işlək kreditlərin həcmi 2025-ci ilin sonunda 762,6 milyon manata yüksəlib. 2026-cı ilin iyulunun sonunda isə bu kreditlər ümumi kredit portfelinin 2,9 faizini təşkil edib.
Zahid Oruc bank kreditləri ilə bağlı məhkəmə qərarlarının icrasında da çətinliklərin artdığını qeyd edib. O bildirib ki, 2023-cü ildə bank kreditləri üzrə 74 min yeni iş icraata daxil olduğu halda, 2024-cü ildə bu rəqəm 112 minə yüksəlib.
“Bir ildə 50 faiz artım var”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, 2021-ci ildən etibarən hər il icra xidmətinə 300 mindən çox sənəd daxil olur. 2024-cü ildə bu göstərici 25,7 faiz artaraq 387 mini ötüb. Ümumilikdə isə icra prosesində təxminən 1,2 milyon iş var və onların 35 faizi kredit və maliyyə öhdəlikləri ilə bağlıdır.
Deputat hesab edir ki, məhkəmə qərarlarının icrasındakı çətinlikləri yalnız hüquqi mexanizmləri təkmilləşdirməklə aradan qaldırmaq mümkün deyil. Bunun üçün əhalinin məşğulluğunun və real gəlirlərinin artırılmasına, kredit siyasətinə yenidən baxılmasına da ehtiyac var.
“İcra məmuruna daha geniş səlahiyyət verilə, elektron sistemi müasirləşdirilə, borclunun səhmini, istiqrazını, avtomobilini və digər aktivlərini daha sürətlə aşkar etmək olar. Lakin vətəndaşın sabit işi və davamlı gəliri azalırsa, onun adına yönəldilə bilən əmlak qeydə alınmayıbsa, hüquqi mexanizm nə qədər təkmilləşdirilsə, icra məmuru olmayan vəsaiti təmin edə bilməyəcək”, – deyə Zahid Oruc bildirib.
O, xüsusilə təminatsız kreditlər üzrə faizlərin və şərtlərin dəyişdirilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib. Deputat qeyd edib ki, borcalan işini itirdikdə və ya gəliri azaldıqda, adına tutula biləcək əmlak da olmadıqda məhkəmə qərarının icrası çətinləşir.
Zahid Oruc onlayn kreditləşmənin genişlənməsi fonunda borcalanın ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməsinin vacibliyini də vurğulayıb.
“İnsan bir neçə dəqiqəyə kredit ala bilirsə, bank da bir neçə dəqiqədə yalnız maaşa deyil, həmin şəxsin bütün borc yükünə, sabit xərclərinə və real ödəmə imkanına baxmalıdır”, – deyə o qeyd edib.


