Xəbər verildiyi kimi, BMT-nin baş katibi təşkilatın İrəvanda keçirilən Bioloji Müxtəliflik Konvensiyası Tərəflərinin 17-ci Konfransında (COP17) iştirak edib.
Çağdaş.Az xəbər verir ki, İrəvanda keçirilən mətbuat konfransında Bakıda mühakimə edilərək müxtəlif cəza alan erməni separatçı liderləri haqda suala cavab verən BMT-nin baş katibi belə deyib:“Biz bütün tərəfləri sülh sazişinin bütün müddəalarını mümkün qədər tez yerinə yetirməyə çağırırıq. Təbii ki, buraya saxlanılan şəxslər məsələsi də daxildir”. BMT-nin baş katibi Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına və bu proses çərçivəsində erməni məhbusların azad edilməsi məsələsinin həll olunacağına ümid etdiyini bildirib.
“Mən sülh sazişini qətiyyətlə dəstəkləyirəm. Ümid edirəm ki, saziş tezliklə praktiki müstəviyə keçəcək və mövcud olan bütün ağrılı problemlərin həllinə imkan yaradacaq”, — deyə Quterreş bildirib.
O, Ermənistanın səylərini də müsbət qiymətləndirib: “Ermənistan müstəsna diplomatik keyfiyyətlər nümayiş etdirərək, müxtəlif baxışları bir araya gətirməklə əsl möcüzə yaradıb. COP-un fəaliyyət göstərdiyi bütün sahələrdə — istər biomüxtəliflik, istərsə də iqlim məsələlərində — Ermənistan rəhbərliyinin və diplomatiyasının yüksək səviyyəsi həqiqətən diqqəti cəlb edir”.
Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) erməni seperatçılarının maraqlarını təmsil edən “hüquq müdafiəçisi” Siranuş Saakyan Quterreşin açıqlamasını “Hraparak” nəşrinə şərh edərkən bunlasrı deyib:
“Görünür, Antonio Quterreş hesab edir ki, sazişdə erməni hərbi əsirlərin repatriasiyası, yəni vətənə qaytarılması ilə bağlı müddəa var. Buna görə də onların geri qaytarılması məsələsinə sülh prosesi çərçivəsində baxır: saziş ratifikasiya olunacaq, qüvvəyə minəcək və bundan sonra məsələ yerindən tərpənəcək.
Lakin əslində sənəddə məhbuslarla bağlı heç bir müddəa yoxdur. Burada iki ehtimal var: ya Quterreşə yanlış məlumat verilib və o, bu mühüm humanitar məsələnin sazişdən kənarda qaldığını bilmir, ya da o, bundan xəbərdardır, lakin hesab edir ki, əvvəlcə sülh bərqərar olmalı, məhbuslar problemi isə bundan sonra həll edilməlidir”.

Quterreşin açıqlamasında diqqət çəkən məqam odur ki, BMT-nin baş katibi saxlanılan şəxslər məsələsini sülh prosesinin ümumi çərçivəsində təqdim etsə də, erməniləri istəyinin əksinə olaraq, Bakıya ünvanlanmış ayrıca tələb səsləndirməyib. Çünki Qutterreş anlayır ki, Azərbaycanda saxlanılan şəxslərin statusu, onlara qarşı irəli sürülən ittihamlar və məhkəmə qərarları konkret hüquqi prosedurlar çərçivəsində qiymətləndirilməlidir. Quterreşin açıqlaması daha çox, sülh prosesinin irəliləməsi ilə humanitar məsələlərin də həllinə nail olunacağına dair siyasi ümid ifadəsidir. Ermənilər isə həmişəki kimi hər şeyi ancaq öz maraqları daxilində qiymətləndirilər. Yeri gəlmişkən, Quttereşin İrəvanda COP17 liderlər sammitindəki çıxışı keçmiş Qarabağ separatçılarının narazılığına səbəb olub.
Qondarma “Artsax İctimai Şurası” adlandırılan qurumu Quterreşin çıxışında Qarabağ ermənilərinin geri qayıtması məsələsinə toxunmamasını pisləyib. Qondarma qurumun yaydığı bəyanatda bildirilir ki, BMT Baş katibi çıxışı zamanı yerli xalqların hüquqlarından və beynəlxalq ictimaiyyətin məsuliyyətindən danışsa da, Qarabağı tərk etmiş ermənilərin məsələsini gündəmə gətirməyib. Bəyanat müəllifləri 2023-cü ilin sentyabrında guya 100 mindən çox erməninin Azərbaycanın hərbi əməliyyatları və bundan əvvəlki vəziyyət nəticəsində Qarabağı tərk etdiyini bildiriblər./Musavat.com/


