İsrailin Baş naziri Binyamin Netanyahu ölkədə keçiriləcək parlament seçkiləri öncəsi təşkil etdiyi mətbuat konfransında Türkiyə ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Çağdaş.Az xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, Netanyahu ölkəsinin yeni təhlükəsizlik strategiyasından danışarkən bildirib ki, İsrail artıq “məhdudlaşdırma siyasətindən” preventiv tədbirlər və hücum xarakterli yanaşmaya keçəcək.
“Artıq məhdudlaşdırma siyasətindən birbaşa qarşısını alma, təşəbbüs göstərmə və zərbə endirmə siyasətinə keçirik. Bu çərçivədə bütün mümkün ittifaqların yaradılması imkanları nəzərdən keçiriləcək”, – deyə o bildirib.
Baş nazir həmçinin İsrailin müdafiə büdcəsinin artırılmasının vacibliyini vurğulayaraq, bu məqsədlə 450 milyard şekel ayrıldığını açıqlayıb.
Mətbuat konfransında jurnalistlərdən biri İsrailin Türkiyə ilə mümkün qarşıdurmaya hazır olub-olmaması barədə sual ünvanlayıb.
Netanyahu cavabında ABŞ Prezidenti Donald Tramp ilə bu məsələdə fərqli mövqedə olduqlarını bildirib.
“Bu məsələdə Trampla fikir ayrılığımız var. O, bildiyiniz kimi, Prezident Ərdoğanla yaxın münasibətlərə malikdir. Tramp ABŞ-ın maraqlarını düşünür, mən isə İsrailin maraqlarını düşünməliyəm. Türkiyə məsələsində aramızda fikir ayrılığı mövcuddur”, – deyə Netanyahu bildirib.
İsrail Baş naziri Türkiyə ilə mümkün hərbi qarşıdurma ehtimalına da toxunub.
“Xoşbəxtlikdən, hələ qarşıdurma mərhələsinə gəlib çatmamışıq. Türkiyənin Suriyanın şimalında nüfuzunu genişləndirəcəyinə dair məlumat aldıq. Bununla əlaqədar hərəkətə keçdik və bunun qarşısını aldıq”, – deyə o iddia edib.
Netanyahu əlavə edib ki, Türkiyə ilə birbaşa hərbi toqquşma istəmir.
“Ümid edirəm ki, Türkiyə ilə birbaşa qarşıdurmaya girməyəcəyik. Ən azı mən bunun baş verməməsi üçün çalışıram”, – deyə İsrailin baş naziri bildirib.
Bununla yanaşı, o qeyd edib ki, İsrail regional ittifaqlar da daxil olmaqla müxtəlif ssenariləri qiymətləndirir və onlara hazırlaşır.
Xatırladaq ki, Netanyahu ötən ay BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyəni hədəf alan bəyanatlar səsləndirmişdi.
Buna cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyi Netanyahu haqqında Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarını xatırladaraq, onun BMT tribunasından Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürməsinin beynəlxalq hüquq, sülh və dialoq prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildirmişdi.


