Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi 370,7 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Kreditləşmədə artım olsa da, mənzil qiymətlərinin yüksəkliyi və vətəndaşların gəlirləri ilə daşınmaz əmlak bazarındakı qiymətlər arasındakı fərq ev sahibi olmağı bir çox insan üçün çətinləşdirir.
Bəs ipoteka kreditlərinin həcminin artması mənzil almaq imkanlarını nə dərəcədə genişləndirir? Kredit şərtlərinin dəyişdirilməsi və mənzil təklifinin artırılması bu problemi həll edə bilərmi?
Cagdas.az bildiriri ki İqtisadçı Günay Hüseynova Sfera.az -a açıqlamasında bildirib ki, ipoteka kreditlərinin artması özlüyündə bu imkanın hamı üçün əlçatan olması demək deyil.
Onun sözlərinə görə, əksər vətəndaşın ipoteka sistemindən yararlana bilməməsinin əsas səbəblərindən biri kredit şərtləri, hamı üçün eyni olmayan faiz dərəcələri və aylıq ödənişlərin orta əməkhaqqı ilə müqayisədə yüksək olmasıdır:
“Problem təkcə ipoteka kreditləri və onların faiz dərəcələri ilə məhdudlaşmır. Burada vətəndaşların gəlirləri ilə mənzil qiymətləri arasındakı böyük fərq də mühüm rol oynayır. 400-450 manat əməkhaqqı alan vətəndaşın 180-200 min manat dəyərində mənzili hansı imkanlarla əldə edə biləcəyi ciddi sual doğurur. Hətta orta əməkhaqqı alan şəxslər belə öz gəlir və xərclərini hesabladıqda mənzil almaqda çətinlik çəkirlər”.

İqtisadçı vurğulayıb ki, mənzilin qiymətini və digər xərcləri nəzərə almadan onu əməkhaqqı ilə müqayisə etdikdə belə, ortaya böyük rəqəmlər çıxır.
“Bu isə vətəndaşların mənzil sahibi olmaq üçün uzun müddət maliyyə imkanlarını toplamalı olduqlarını göstərir”, – iqtisadçı bildirib.
İpoteka kreditlərinin faizlərinin gələcəkdə artıb-azalması məsələsinə gəlincə, G.Hüseynova əlavə edib ki, bu dəyişiklik tələb və təklifdən asılı olaraq baş verə bilər.
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Əlövsətoğlu da fikirlərini bölüşüb. O bildirib ki, ipoteka kreditlərinin həcminin 4,6 faiz artması əmlak qiymətlərinin yüksəlməsi ilə müqayisədə çox cüzi göstəricidir:
“Xüsusilə mənzillərin qiyməti hər il 10-15 faiz aralığında artır. Bu səbəbdən ipoteka kreditlərinin həcminin mövcud artımı mənzil bazarındakı qiymət dəyişiklikləri ilə müqayisədə kifayət etmir. Mənzil almağın daha əlçatan olması üçün dövlət tərəfindən verilən güzəştli və adi ipoteka kreditlərinin yuxarı həddi 100-150 min manatdan 150-200 min manata qaldırılmalıdır. Bu addım vətəndaşların mənzil bazarındakı qiymətlərə uyğun kredit əldə etmək imkanlarını genişləndirə bilər”.
Ekspert söyləyib ki, verilən ipoteka kreditlərinin həcmi ilkin mərhələdə ən azı 50 faiz artırılmalıdır. Bildirib ki, kredit müddətlərinin uzadılması aylıq ödənişləri azaltmaqla daha çox insanın ipotekadan yararlanmasına şərait yarada bilər:
“Mövcud 8 və 4 faizlik ipoteka faizlərinin müvafiq olaraq 6 və 3 faizə endirilməsini təklif edərdim. Mənzil probleminin həlli üçün tikinti sektorunun inkişafı və yeni mənzillərin təklifinin artırılması da vacibdir”.

O, sosial mənzil layihələrinin, kirayə mexanizmlərinin, eləcə də MİDA və İpoteka və Kredit Zəmanəti Fondunun xətti ilə təqdim olunan güzəştlərin genişləndirilməsini təklif edib:
“Tikinti həcminin artırılması üçün sahibkarlara torpaqların güzəştli şərtlərlə verilməsi də nəzərdən keçirilə bilər. Bu, yeni yaşayış binalarının tikintisini stimullaşdırmaqla mənzil təklifinin artmasına kömək edə bilər. Mövcud ipoteka şərtləri vətəndaşların mənzil bazarına çıxışını məhdudlaşdırır. İlkin ödənişin 20 faiz olması ev almaq istəyənlər üçün ciddi maneələrdən biridir. Mənzil qiymətləri artdıqca ilkin ödəniş üçün tələb olunan məbləğ də yüksəlir.
Bundan başqa, rəsmi gəlir tələbi də ipotekaya müraciət edə bilən şəxslərin dairəsini daraldır. Bu tələb bir növ seçim mexanizmi rolunu oynayaraq gəliri kifayət etməyən vətəndaşların kredit əldə etməsini çətinləşdirir”.


