Son dəqiqə
Dünyanın ən yaxşı 10 restoranı: hansı ölkələrdədir və fərqləri nədir? Misir arxeoloqları 100-dən çox mumiya və kraliça Neytin piramidasını tapdılar Yerin yeni peyki ortaya çıxdı Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, göstərdik kim kimdir Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir – PREZİDENT İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – FOTOLAR Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik dünyada az-az rast gəlinən mənzərədir Xankəndi Zəfər muzeyi bu binada təşkil olunacaq

Addım-addım fəlakətə gedirik: ÖLÜMCÜL OLACAQ – Son 10 ildə beləsi görünməmişdi

Cəmiyyət

NASA və NOAA-nın ötən gün açıqladığı ölçmələr Antarktida üzərindəki ozon dəliyinin son 10 ilin ən böyük ölçülərinə çatdığını ortaya qoyub. Sentyabrın 18-də 27,1 milyon kvadratkilometrə çatan ozon dəliyi 1979-cu ildə başlayan peyk müşahidələrindən bəri qeydə alınan 48 illik dövrün ən böyük yeddinci mövsümi ozon dəliyi olub. Sentyabrın 7-dən oktyabrın 13-dək olan dövr üzrə orta ölçü isə 25 milyon kvadratkilometr hesablanıb.

Cagdas.az  xəbər verir ki, ötən il ozon dəliyinin gündəlik ən böyük sahəsi 22,86 milyon kvadratkilometr ölçülmüşdü. Bu il həmin göstərici 27,1 milyon kvadratkilometrə yüksələrək təxminən 18,5 faiz artıb.

Mövsümi orta göstəricilərdə isə 2025-ci ildə 18,71 milyon kvadratkilometr olan sahə 2026-cı ildə 25 milyon kvadratkilometrə çatıb. Beləliklə, cəmi bir il ərzində təxminən 6,3 milyon kvadratkilometr genişlənmə qeydə alınıb.

NASA-nın məlumatlarına görə, bu il ölçülən ən böyük gündəlik sahə 2000-ci ilin sentyabrında qeydə alınmış tarixi gündəlik rekordun təxminən 90 faizinə bərabərdir.

Amerika Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatlarına əsasən, Antarktida üzərində ozon dəliyinin təsirli olduğu dövrlərdə bəzi bölgələrdə Yer səthinə çatan UV-B ultrabənövşəyi şüalanma normal səviyyədən iki dəfə çox ola bilər.

Ozon təbəqəsi atmosferin təxminən 15–35 kilometr hündürlüyündə cəmləşərək Günəşdən gələn zərərli ultrabənövşəyi şüaların əhəmiyyətli hissəsinin qarşısını alır. Bu təbəqənin nazilməsi, xüsusilə UV-B şüalarının Yer səthinə daha çox çatmasına səbəb ola bilər.

Həmin şüalar hüceyrələrin DNT strukturuna zərər vuraraq dəri xərçəngi, katarakta və immun sisteminin fəaliyyətində problemlər yarada bilər.

Ümumdünya Səhiyyə Təşkilatının elmi qiymətləndirmələrinə görə, ozonun miqdarının qlobal miqyasda 10 faiz azalması ildə təxminən 300 min əlavə qeyri-melanoma dəri xərçəngi və 4 500 əlavə melanoma halına səbəb ola bilər.

Ozon təbəqəsinin nazilməsinin təsirləri yalnız insan sağlamlığı ilə məhdudlaşmır. Ultrabənövşəyi şüalanmanın artması, xüsusilə Antarktida ətrafındakı Cənub okeanında yaşayan mikroskopik orqanizmlər üçün risk yaradır.

Dənizlərdə qida zəncirinin əsasını təşkil edən fitoplanktonların fotosintez fəaliyyəti yüksək UV-B şüalanmasından mənfi təsirlənə bilər. Bu isə fitoplanktonlarla qidalanan digər canlılara da dolayı yolla təsir göstərə bilər.

Ultrabənövşəyi şüalanmanın artması bəzi bitki növlərində böyüməni, yarpaqların inkişafını və fotosintezin səmərəliliyini də azalda bilər. Bununla belə, təsirin miqyası bitki növündən, şüalanmanın intensivliyindən və təsir müddətindən asılı olaraq dəyişir.

Mütəxəssislər ozon təbəqəsinin zəifləməsinin kənd təsərrüfatı istehsalı, dəniz ekosistemləri və təbii həyat üçün uzunmüddətli nəticələrinin diqqətlə izlənilməli olduğunu vurğulayırlar.

NASA və NOAA-nın məlumatlarına görə, 2026-cı ildə ozon dəliyinin qeyri-adi dərəcədə genişlənməsinin arxasında Antarktida ətrafında yaranan güclü qütb burulğanı dayanır.

“Polar vortex” adlanan bu atmosfer hadisəsi Cənub qütbü üzərindəki soyuq havanı bölgədə saxlayaraq ozon itkisinə əlverişli şəraitin daha uzun müddət davam etməsinə səbəb olur.

Aşağı temperaturda yaranan qütb stratosfer buludları atmosferdəki xlor və brom tərkibli kimyəvi maddələrin ozonu parçalayan reaksiyalarda iştirakını asanlaşdırır.

Ozon təbəqəsinin qorunması məqsədilə 1987-ci ildə qəbul edilən Monreal Protokolu ozona zərər verən kimyəvi maddələrin istehsalını və istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

NASA və NOAA-nın məlumatlarına görə, Antarktida stratosferində ozona zərər verən maddələrdən qaynaqlanan xlorun miqdarı keçmişdə çatdığı ən yüksək səviyyə ilə müqayisədə təxminən üçdəbir azalıb.

Alimlər beynəlxalq tədbirlər görülməsəydi, 2026-cı ildə ozon dəliyinin daha 1,6–3,2 milyon kvadratkilometr geniş ola biləcəyini hesablayırlar.

Boğaziçi Universitetinin Fizika fakültəsinin müəllimi, iqlimşünas professor Levent Kurnaz isə ozon təbəqəsi ilə bağlı təhlükənin hələ tam aradan qalxmadığını bildirir:

“Atmosferə buraxılan zərərli qazlar onilliklər ərzində təsirini davam etdirə bilir. Bu gün görülən tədbirlərin nəticələrini görmək üçün 20, 30, hətta 40 il gözləmək lazımdır”.\musavat.com\