Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa ölkələrindən sığınacaq almaq istəyən bəzi ermənilərlə bağlı diqqətçəkən açıqlama verib.
Cagdas.az musavat.com-a istinadən bildirir ki, Paşinyan bəzi erməni vətəndaşlarının, o cümlədən kriminal subkultura nümayəndələrinin Avropa ölkələrində cinsi azlıqlara mənsub olduqlarını iddia edərək sığınacaq almağa çalışdıqlarını bildirib.
Baş nazirin sözlərinə görə, həmin şəxslər Ermənistanda cinsi orientasiyalarına görə təqib olunduqlarını əsas gətirərək Avropa dövlətlərində yaşamaq hüququ əldə etməyə çalışırlar.
“Ermənistandan kriminal elementlər Avropaya gedir və orada gey olduqlarını, Ermənistanda təqib edildiklərini yazırlar. Bilirsiniz, niyə? Yaşamaq hüququ əldə etmək üçün”, – deyə Paşinyan bildirib.
O, bu cür halların qarşısının alınması baxımından bərabərlik və ayrı-seçkiliyin qadağan olunması haqqında qanunun vacibliyini vurğulayıb. Paşinyan hesab edir ki, Ermənistan Avropa standartlarına uyğunlaşmalıdır.
Baş nazir Parisdəki bir oteldə ofisiant işləyən erməni ilə görüşündən də danışıb. Onun sözlərinə görə, həmin şəxs Ermənistandan getməsini cinsi orientasiyası ilə əlaqələndirib və ölkəsində yaşamağa davam edə bilmədiyini söyləyib.
Paşinyanın bu açıqlamaları Ermənistanda bərabərlik və ayrı-seçkiliyə qarşı qanunvericilik müzakirələri fonunda səslənib.


