Son dəqiqə

SENSASİYA! Ukrayna belə bölünəcək – Rusiya ilə gizli danışıqlar gedir?

Dünya

ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi başa çatdıqdan sonra ölkənin “bir qədər fərqli formaya” sahib olacağını deməsi ərazi güzəştləri ilə bağlı müzakirələri yenidən alovlandırıb. Trampın bu sözləri Rusiya ilə Ukraynanın gələcəyi barədə Kiyevin qəbul etmədiyi bir razılaşmanın müzakirə olunduğu şübhəsini yaradıb. ABŞ administrasiyası isə açıqlamanı müharibədən sonrakı təhlükəsizlik mexanizmləri ilə bağlı əldə edilən irəliləyişlə əlaqələndirib.

ABŞ Prezidenti Donald Tramp CBS telekanalında yayımlanan “60 Minutes” proqramında jurnalist Ross Douthatın suallarını cavablandırıb.

Çağdaş.Az xəbər verir ki, Ukraynanın müharibədən sonra azad və müstəqil ölkə olaraq qalıb-qalmayacağı barədə suala cavab verən Tramp müharibənin tezliklə başa çatacağını düşündüyünü bildirib:

“Onlar bir qədər fərqli formaya sahib Ukrayna ilə qarşılaşacaqlar”.

Tramp ABŞ-ın tərəfləri razılaşmaya yaxınlaşdırdığını iddia etsə də, Ukraynanın hansı ərazilərdən imtina edə biləcəyi barədə təfərrüat açıqlamayıb.

Rusiya Prezidenti Vladimir Putinin danışıqları uzadıb-uzatmadığı barədə suala isə Tramp mənfi cavab verib. O, Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında qarşılıqlı etimadsızlığın razılaşma əldə edilməsinə mane olan amillərdən biri olduğunu söyləyib.

Rusiyanın müharibənin başa çatması üçün irəli sürdüyü əsas tələblərdən biri Ukrayna ordusunun Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bütün ərazisindən çıxarılmasıdır.

Moskva 2022-ci ildə bu dörd bölgəni ilhaq etdiyini elan etsə də, onların heç birində tam nəzarəti təmin edə bilməyib.

Rusiya, həmçinin Ukraynanın NATO-ya üzvlükdən imtina etməsini, ordusuna məhdudiyyətlər qoyulmasını və Qərblə hərbi əlaqələrinin yenidən tənzimlənməsini istəyir.

Ukrayna isə Rusiyanın işğal etdiyi ərazilərdən imtina etməsini və ölkənin suverenliyini təmin edəcək mexanizmlərin yaradılmasını tələb edir.

Trampın açıqlaması Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirməsi planlaşdırılan üçtərəfli görüşlərdən dərhal əvvəl səsləndirilib.

ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək danışıqlarda müharibənin dayandırılması, döyüşlərin azaldılması, humanitar məsələlər və müharibədən sonra Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri müzakirə olunacaq.

ABŞ nümayəndə heyətində Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin iştirakı gözlənilir. Rusiyanı isə Prezident Putinin danışıqlar üzrə nümayəndəsi Vladimir Medinski təmsil etməlidir.

Bu görüşlər tərəflərin fevral ayından bəri keçirəcəyi ilk üçtərəfli danışıqlar olacaq.

Zelenski administrasiyası Rusiyanın nəzarət edə bilmədiyi ərazilərin də Moskvaya verilməsini nəzərdə tutan razılaşmanı qəbul etməyəcəyini bildirir.

Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa ölkələrinin də Əbu-Dabi görüşlərində təmsil olunacağını açıqlayıb. O, Fransanın danışıqlarda iştirak edəcəyini bildirsə də, ölkəni kimin təmsil edəcəyi barədə təfərrüat verməyib.

ABŞ dövlət katibi Marko Rubio isə Trampın “fərqli forma” ifadəsinin yalnız ərazi bölgüsünə aid olmadığını müdafiə edib.

Rubionun sözlərinə görə, Vaşinqtonla Ukrayna və Avropalı müttəfiqləri arasında müharibədən sonrakı təhlükəsizlik strukturu ilə bağlı irəliləyiş əldə olunub.

O, Ukraynanın gələcək təhlükəsizlik zəmanətlərinin və Avropanın təhlükəsizlik sisteminin danışıqların əsas mövzuları sırasında olduğunu bildirib. Bununla belə, bu məsələlər üzrə hələ yekun razılaşmanın əldə edilmədiyini də vurğulayıb.

Trampın açıqlaması Vaşinqtonun Moskva ilə Ukraynanın gələcək sərhədləri barədə Kiyevin qəbul etməyəcəyi bir razılaşma axtardığına dair şübhələri gündəmə gətirib.

Xüsusilə Trampın Putinin danışıqları uzatdığını düşünmədiyini söyləməsi və Ukraynanın müharibədən sonra “fərqli formaya” sahib olacağını bildirməsi diqqət çəkib./Musavat.com