OpenAI şirkətinin baş alimlərindən Yakub Paçokki (Jakub Pachocki) sürətlə inkişaf edən süni intellekt modellərinin yarada biləcəyi risklərin azaldılması üçün texnologiya sektorunda ortaq təhlükəsizlik hədlərinin müəyyən edilməsini təklif edib.
Çağdaş.Az xəbər verir ki, şirkətin baş direktoru Sem Altman (Sam Altman) tərəfindən də dəstəklənən təklifə əsasən, süni intellekt hazırlayan şirkətlər getdikcə daha güclü modellər üçün ümumi məhdudiyyətlər qəbul etməli və sektor üzrə inkişafı qiymətləndirmək üçün vahid göstərici kimi “perplexity” (modelin proqnoz dəqiqliyini ölçən göstərici) meyarından istifadə etməlidirlər.
Paçokki bu barədə öz bloqunda dərc etdiyi yazıda bildirib ki, süni intellektin imkanlarının sürətlə genişlənməsi fonunda həm sənaye daxilində, həm də ictimaiyyətdə potensial risklərlə bağlı narahatlıqlar artır.
Onun sözlərinə görə, süni intellekt sistemlərinin davranışını daha yaxşı anlamaq və izləmək üçün kifayət qədər etibarlı metodlar formalaşana qədər hazırlayıcı şirkətlər müəyyən edilmiş ortaq hədləri aşmamağı öhdələrinə götürməlidirlər.
Paçokki bildirib ki, “perplexity” göstəricisi modelin növbəti məlumat vahidini (tokeni) nə dərəcədə düzgün proqnozlaşdıra bildiyini ölçür. Bu göstəricinin aşağı olması modelin daha dəqiq proqnoz verdiyini göstərir.
Baş alim hesab edir ki, süni intellekt ən tez 2027-ci ildən etibarən özünün təlim metodlarının inkişafına da əhəmiyyətli təsir göstərə bilər. Bu isə texnologiyanın təhlükəsizlik və nəzarət mexanizmlərindən daha sürətli inkişaf etməsi riskini artırır.
Paçokki vurğulayıb ki, yeni monitorinq və təhlükəsizlik mexanizmləri tam tətbiq olunana qədər süni intellekt hazırlayan şirkətlər razılaşdırılmış imkan hədlərini keçməmək barədə ortaq öhdəlik götürməlidirlər.


