ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən biri olan Karnegi Beynəlxalq Sülh Fondu üçüncü tərəf şirkətinə edilən kiberhücum nəticəsində məlumat sızması ilə üzləşib.
Çağdaş.Az xəbər verir ki, “Politico” tərəfindən əldə edilən elektron məktuba əsasən, hücum zamanı beyin mərkəzinin bəzi donorlarına aid məlumatlar ələ keçirilib.
Karnegi Fondu donorlarına göndərdiyi açıqlamada bildirib ki, oktyabrın 28-də təşkilatın onlayn ianələr üçün istifadə etdiyi üçüncü tərəf xidmət təminatçısının sisteminə icazəsiz giriş olub.
Məlumata görə, hücum nəticəsində Karneginin elektron yazışma və donorların idarə edilməsi bazasında saxlanılan bəzi əlaqə məlumatları əldə edilib. Naməlum şəxsin sistemə çıxışı isə iki gün sonra – oktyabrın 30-da dayandırılıb.
Təşkilat bildirib ki, insidentdən yalnız “çox kiçik faizdə kontaktlar” təsirlənib. Lakin neçə donorun məlumatlarının ələ keçirildiyi açıqlanmayıb. Karnegi əlavə edib ki, donorların tam kredit kartı məlumatları təhlükəyə məruz qalmayıb.
Karneginin sözçüsü Şarmen Əli açıqlamasında bildirib ki, onlayn ianələr üçün istifadə olunan üçüncü tərəf şirkət “Soapbox Engage” ötən ay icazəsiz məlumat pozuntusunun hədəfi olub.
“Karneginin məlumat bazası ilə inteqrasiya səbəbindən icazəsiz istifadəçilər təşkilat tərəfindən saxlanılan əlaqə məlumatlarına müvəqqəti giriş əldə edə biliblər”, – deyə sözçü bildirib.
Hazırda kiberhücumdan başqa hansı təşkilatların təsirləndiyi məlum deyil.
Karnegi Fondu hadisənin araşdırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün xarici kibertəhlükəsizlik şirkəti cəlb etdiyini açıqlayıb. Təşkilat həmçinin üçüncü tərəf sistemlərində əlavə təhlükəsizlik tədbirlərinin tətbiq edildiyini bildirib.
1910-cu ildə yaradılan Karnegi Beynəlxalq Sülh Fondu Vaşinqtonun ən qədim xarici siyasət araşdırma mərkəzlərindən biridir. Təşkilatın ABŞ-ın Kaliforniya ştatının Palo Alto şəhəri, Sinqapur, Brüssel və Berlində nümayəndəlikləri fəaliyyət göstərir.
Qeyd edək ki, bu hadisə son günlər bir sıra böyük şirkət və dövlət qurumlarının kiberproblemlərlə üzləşdiyi vaxt baş verib. Microsoft, United Airlines, ABŞ Federal Aviasiya Administrasiyası və Milli Təhlükəsizlik Agentliyi kimi qurumlar son həftə ərzində genişmiqyaslı sistem problemləri barədə məlumat yayıblar.
Lakin həmin qurumlar yaranmış nasazlıqların kiberhücumla bağlı olmadığını açıqlayıb və hadisələr arasında əlaqə olduğuna dair hər hansı sübut təqdim edilməyib.


