Azərbaycan və İtaliya arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə yaxın vaxtlarda “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” yeni ikitərəfli sazişin imzalanması hədəflənir.
Cagdas.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
O bildirib ki, iki ölkə birlikdə bu işi həyata keçirməyi ümid edir: “Azərbaycan İtaliyanın enerji bazarında həm təchizatçı, həm də uzunmüddətli investor kimi iştirak edir. Enerji əməkdaşlığı ikitərəfli işbirliyində əsas istiqamət olaraq qalır. Cənub Qaz Dəhlizi ölkələrimizin uzunmüddətli əməkdaşlığının mühüm göstəricisidir. Dəhlizin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri ilə nəql edilən Azərbaycan qazı İtaliya və bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir”.
Nazir qeyd edib ki, eyni zamanda Mərkəzi Asiyanın enerji resurslarının Xəzər dənizi üzərindən Avropaya çatdırılması, o cümlədən Xəzər regionunda bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Avropaya ixracı istiqamətində tərəfdaşlarımızla işləyirik”.\modern.az


