Nyu-York birjasında ötən həftənin son ticarət günündə süni intellekt sektoruna dair narahatlıqlar fonunda ciddi satışlar müşahidə olunub.
“Anthropic” şirkətinin səhmləri birjada ilk günündə 83 dollarlıq ilkin qiymətdən 34,3 faiz yuxarı – 111,50 dollar səviyyəsində ticarətə başlasa da, ikinci gündə 8,5 faiz ucuzlaşıb.
Bu geriləmə digər süni intellekt şirkətlərinin səhmlərinə də təsir edib.
Çip istehsalçılarından:
– Nvidia səhmləri təxminən 14 faiz,
– Micron Technology 13,9 faiz,
– AMD isə 13,3 faiz dəyər itirib.
Nvidia-nın mühasibat əməliyyatlarında mümkün problemlərlə bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) araşdırma apardığı barədə xəbərlər şirkətin səhmlərində satış təzyiqini artırıb.
ABŞ-da istehlakçı inam indeksi isə noyabr ayında yuxarı istiqamətdə yenilənərək 51,5 bənd təşkil edib.
Bütün bu hadisələr fonunda:
– Dow Jones indeksi 1,93 faiz,
– S&P 500 3,7 faiz,
– Nasdaq isə 5,28 faiz geriləyib.
Bununla belə, yeni həftənin əvvəlində ABŞ indeks fyuçersləri müsbət istiqamətdə hərəkət edib.


