Rusiyanın Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Prezidentin xüsusi nümayəndəsi, eyni zamanda Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın komandasının sülhyaratma və humanitar təşəbbüslərini yüksək qiymətləndirib.
Çağdaş.Az-ın xəbərinə görə, Dmitriyev sosial media platforması “X” hesabında paylaşım edərək bildirib ki, Tramp komandasının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
“Prezident Trampın komandası sülhyaratma və humanitar istiqamətdə mühüm səylərini davam etdirir”, – deyə Dmitriyev yazıb.
O, bu fikri Donald Trampın həyat yoldaşı Melaniya Trampa Ukrayna ilə bağlı sülh təşəbbüslərinə görə təşəkkür etməsinə münasibət bildirərkən səsləndirib.
Melaniya Tramp noyabrın 23-də verdiyi açıqlamada Vaşinqtonun Ukrayna böhranının nizamlanması istiqamətində sülh təşəbbüslərini davam etdirdiyini bildirib.
O, noyabrın 20-də “Fox News” telekanalına müsahibəsində Rusiya ilə Ukrayna arasında yeni atəşkəs razılaşmasının dekabrın 25-dək – Qriqorian təqviminə əsasən qeyd olunan Milad bayramınadək əldə olunacağına ümid etdiyini ifadə edib.
Melaniya Tramp, həmçinin Xerson vilayətinin Alyoşki şəhərində həyata keçirilən humanitar əməliyyatı “böyük uğur” adlandırıb.
Məlumata görə, oktyabrın sonunda Rusiya və Ukrayna Alyoşkidə humanitar əməliyyatın keçirilməsi məqsədilə müvəqqəti atəşkəs barədə razılığa gəlib.
Bildirilir ki, bu razılaşma Melaniya Trampın vasitəçiliyi ilə əldə olunub. Humanitar əməliyyat oktyabrın 30-da keçirilib və yerli sakinlərə onlarla ton humanitar yardım çatdırılıb. Bölgəni tərk etmək istəyən şəxslərə isə Rusiyanın digər regionlarına və ya Ukraynaya getmək imkanı yaradılıb.


